Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

Əli Mustafa: “Bu, həm işğalçı Ermənistana, həm də onları himayə edənlərə mesajdır”
“Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlət başçısı qeyd edib.
Prezident “lazımi ünvana çatacaq”, - deyərkən nəyi nəzərdə tutur?
“Yəni bundan sonra Azərbaycana qarşı hər hansı təhdid olarsa, bu iki ölkəni qarşılarında görəcəklər”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, əslində çox geniş və əhatəli bir mesajdır: “Nəzərə almalıyıq ki, biz uzun illər işğal acısı yaşamışıq və bunun nə demək olduğunu yaxşı bilirik. Şükürlər olsun ki, işğala son qoyaraq tarixə öz möhürümüzü vurmuşuq. Düzdür, Laçının işğalında bilavasitə təqsirkar Ermənistan olsa da, arxasında Rusiya olub. Qərb o zaman Rusiyanın Qarabağın işğalında oynadığı pərdəarxası rolu görməzdən gəldi. Çünki prezident Yeltsin onlara lazım idi. 1992-ci ildə ATƏT-in Minsk Qrupunun yaradıcıları dünyanın fövqəldövlətləri olsalar da, 30 il baş verənlərə göz yumdular. Hesab edirdilər ki, Azərbaycan əvvəl-axır işğalla barışmaq məcburiyyətində qalacaq. Ancaq onların planları fiaskoya uğradı. Gözləntilərin əksinə olaraq, Azərbaycan ərazilərini işğaldan azad etdi. Regionda geosiyasi reallıqları dəyişdi. Türkiyə, İsrail, Pakistan Vətən müharibəsində Azərbaycana arxa-dayaq oldular. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini dəstəklədilər. Ona görə də 3 dövlət başçısının Laçın görüşü həm işğalçı Ermənistana, həm də onları himayə edənlərə mesajdır. Yəni bundan sonra Azərbaycana qarşı hər hansı təhdid olarsa, bu iki ölkəni qarşılarında görəcəklər. Çünki regionda tamamilə yeni reallıqlar yaranıb və hər dövlət ona görə davranmalıdır. Biz ərazilərimizi azad etmişik və bu gün dostlarımızla bir yerdəyik. Bu, həm də xoşniyyətli bir mesajdır. Azərbaycan bütün qonşuları ilə sülh şəraitində yaşamağın tərəfdarıdır. Ancaq Ermənistandan bir maşa kimi istifadə edilərsə, o zaman buna sərt cavab veriləcək və Azərbaycan bu məsələdə tək olmayacaq. Bunu hər kəs bilməlidir”.
Vidadi ORDAHALLI