Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

Arzuxan Əlizadə: “...Görünür, Lavrovun İrəvana səfəri zamanı Zəngəzurda konsulluq açmaq istəkləri özünü doğrultmayıb”
“Ermənistanın Sünik vilayəti (Zəngəzur) ətrafında gərginlik davam edir. Eyni zamanda Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır”. Bu fikirləri Rusiya müdafiə naziri Andrey Belousov deyib.
O bildirib ki, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir: “Bölgədə narahatlıq doğuran digər mühüm amil Ermənistanla Azərbaycan arasında hələ də tam nizama salınmamış münasibətlərdir. Moskva bu məsələdə maraqlıdır və tərəflər arasında sülh sazişinin imzalanmasına hərtərəfli dəstək göstərməyə hazırdır”.
Maraqlıdır, Rusiya Sünik barədə niyə bu qədər narahatdır?
“O üzdən, məsələni müdafiə naziri səviyyəsində gündəmə gətirməklə Kreml əzələ nümayiş etdirir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Moskvanın Zəngəzurla bağlı belə narahatlığını bir sıra amillərlə əlaqələndirdi: “Müdafiə naziri Belousov müstəvisində belə açıqlamanın verilməsi bir sıra məqamlardan xəbər verir. Belə görünür ki, xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Rusiyanın Zəngəzurda konsulluq açmaq istəkləri özünü doğrultmayıb. O üzdən, məsələni müdafiə naziri ranqı səviyyəsində gündəmə gətirməklə Kreml əzələ nümayiş etdirir. Çünki orada İran konsulluğu artıq fəaliyyət göstərir. Bunu daha çox Fransaya yönəlmiş mesaj kimi dəyərləndirmək olar. Çünki son vaxtlar Fransanın Zəngəzurda konsulluq açmağa hazırlaşdığına dair məlumatlar yayılıb. Hətta iyunun 2-də Qarakilsədə (Gorus) Ermənistan-Fransa konfransı keçiriləcək. Həmin gün Zəngəzurda Fransa konsulluğunun açılış mərasimi olacaq. Bütün bunlar Rusiyanı qıcıqlandırır. Ermənistan hakimiyyəti yavaş-yavaş Rusiyanın bu ölkədə hərbi mövcudluğunu azaldır. Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən Rusiya hərbçiləri çıxarılır. Ermənistan Azərbaycanla sərhədə mülki missiya adı altında Avropa İttifaqının hərbçilərini, kəşfiyyatçılarını gətirir. Ancaq Rusiya nə qədər cəhd etsə də, KTMT qüvvələrini sərhədə gətirməyə razılıq ala bilmir. İrəvan müxtəlif vasitələrlə bundan yayınır. Ona görə də Belousov belə əl-ayağa düşüb. Rusiya istəmir ki, Cənubi Qafqazda digər güclər mövcud olsun. Moskva imperiya maraqlarından çıxış edərək Cənubi Qafqazı öz təsir dairəsində saxlamağa çalışır. Rusiya rəsmiləri regiondan kənar qüvvələrdən bəhs etsələr də, əslində Türkiyənin də bölgədə aktiv olmasında maraqlı deyillər. Sadəcə, üzdə daha çox Qərbin fəallığına qarşı olduqlarını bəyan edirlər”.
Vidadi ORDAHALLI