İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

Aydın Mirzəzadə: “Prezident İlham Əliyevin məlum məsələ ilə bağlı çağırışları aktualdı və Şərq dünyasının maraqlarına cavab verir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev islamafobiya ilə bağlı konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə qeyd edilir ki, hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyllərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir: “Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır”.
Maraqlıdır, islamofobiyaya qarşı səylərin birləşdirilməsi mümkündürmü? Islam dünyasının imkanları birləşə bilərmi? Ümumiyyətlə, bu birləşməyə mane olan əsas amillər nədir?
“İslamofobiya islam dünyasından daha çox Qərb dairələrinin özlərinə təsir edir, buna qarşı mübarizə ədalət, haqqa bağlılıq və birgə cəbhədə mübarizə aparmaqla mümkündür”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, islamofobiya dünyanın ən ciddi problemlərindən birinə çevrilib: “Maraqlı məqam ondan ibarətdir ki, artıq islamofobiya demokratik hüquqa bağlı olan Qərb dünyasında alət kimi istifadə edilir. Bununla da islam dininə bağlı olan ölkələri təsir altında saxlamaq, Qərbin maraqlarına uyğun formada hərəkət etdirmək istəyirlər. Ancaq unutmaq lazım deyil ki, bu dünyada həqiqəti gizlətmək mümkün olmur. İslamofobiya islam dünyasından daha çox Qərb dairələrinin özlərinə təsir edir. Buna qarşı mübarizə ədalət, haqqa bağlılıq və birgə cəbhədə mübarizə aparmaqla mümkündür. Islam dünyası təhsilə, mədəniyyətə, müasirliyə üstünlük verməklə özünün bu gün inkişafa marağını ortaya qoyur”. Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin məlum məsələ ilə bağlı çağırışları aktualdı və Şərq dünyasının maraqlarına cavab verir: “Zənnimcə, ölkə başçısının çağırışları bir çox məsələlərə aydın baxmağa imkan verəcək”.
Günel CƏLİLOVA