Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

Azər Həsrət: "Azərbaycan bu cür məsələləri dünya gündəminə gətirməklə böyük dövlətlərin hədəfində olduğunu nümayiş etdirir"
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti ABŞ-ın Deyton şəhərində keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edir.
Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Ramid Namazov tədbir çərçivəsində son dövrlər ölkəmizə qarşı həyata keçirilən hibrid hücumlarla bağlı çıxış edib.
O, çıxışında ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyata keçirən təyyarənin faciəli qəzasından sonra ölkəmizə qarşı informasiya əməliyyatlarının aparıldığı, “Deepfake”lər və digər təqlidetmə texnologiyalarından istifadə olunmaqla saxta məlumatlar yayan şəbəkə ilə bağlı məlumat verib.
Son zamanlar Azərbaycana qarşı həyata keçirilən kiber hücumların dünya ölkələrində səsləndirilməsi bizə nə verəcək?
"Mümkün olan bütün beynəlxalq platformalarda faktların səsləndirilməsi təqdirəlayiqdir"
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ölkəmizə qarşı saxta informasiya hücumları heç vaxt səngimir: "Ən ağrılı məqam odur ki, Azərbaycan özünə tərəfdaş saydığı olkələrdən kiber hücumlara məruz qalır. Belə hücumlardan biri də Rusiya tərəfindən həyata keçirilib. Məlumdur ki, Rusiya ilə Azərbaycan arasında siyasi strateji tərəfdaşlıq var. Belə bir tərəfdaşlıq fonunda Rusiya Azərbaycana münasibətdə elə davranmalı deyildi. Ancaq bəlli olub ki, Azərbaycana kiber hücumların mərkəzi məhz Rusiya imiş, bu ölkədən təşkil edilirmiş. Azərbaycan bu cür məsələləri dünya gündəminə gətirməklə böyük dövlətlərin hədəfində olduğumuzu nümayiş etdirir. Eyni zamanda, Azərbaycan bu məlumatları gündəmə gətirməklə, kiçik dövlət olmasına baxmayaraq, bu cür hücumlara sinə gərdiyini göstərmiş olur. NATO-nun toplantısında məlum fikirlərin səsləndirilməsi düzgün addımdır. Hər zaman qeyd edirik ki, mümkün olan bütün beynəlxalq platformalarda faktların səsləndirilməsi təqdirəlayiqdir. Bununla biz dünya ictimaiyyətinə çatdırırıq ki, ölkəmizə hücum etmək istəyənlərin hər əməlindən xəbərdarıq".
Günel CƏLİLOVA