"İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır" - Oussama Jammal

İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır. Təəssüf ki, bəzi dairələr bu cəhaləti qəsdən qidalandırır, yanlış məlumatlarla kütlələri çaşdırır və gəncləri təhlükəli ritorikalarla həssas hala gətirirlər.
Bunu Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Jammal “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusunda panel iclasda deyib.
Onun sözlərinə görə, islamofobiyaya məruz qalan gənclər susmamalıdırlar. Əksinə, bu sahədə mövqe tutmalı, parlaq gələcəyin qurucuları kimi çıxış etməlidirlər.
“Sosial media, veb-saytlar, videolar, bloqlar və digər platformalar vasitəsilə doğru məlumatları yaymaq, islamofobiyaya qarşı səsimizi ucaltmaq və stereotipləri dağıtmaq mümkündür. Ancaq bunun üçün gəncləri lazımi bilik və alətlərlə təmin etməliyik.
Məktəblər, universitetlər, təhsil ocaqları bu işdə vacib rol oynayır. Gənclərə tənqidi düşünmə bacarığı, multikultural anlayış və empatiya hissi aşılanmalıdır. Onlara yalnız tarixi yox, eyni zamanda, bugünkü dünyada necə davranmalı olduqlarını da öyrətmək lazımdır”, - deyə Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi əlavə edib.
ZÜMRÜD