"Qərbdəki müsəlmanlar öz kimlikləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlar" - Samir Boudinar

Müasir dövrdə, xüsusilə süni intellekt və texnologiyanın inkişafı ilə birlikdə islamofobiya daha təhlükəli bir hal alıb. Alqoritmlər vasitəsilə yayılan yanlış məlumatlar, sosial şəbəkələrdə sürətlə yayılan stereotiplər, müsəlmanlara qarşı mənfi imicin geniş yayılmasına səbəb olur. Bu isə yalnız bir dini icmaya deyil, ümumilikdə cəmiyyətin həmrəyliyinə zərbə vurur.
Bunu Əl-Həkimə Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlman Ağsaqqalları Şurasının İcraiyyə Ofisinin üzvü Samir Boudinar “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusunda panel iclasda deyib.
O qeyd edib ki, bəzi siyasi qüvvələr islamofob ritorikanı alətə çevirərək, ictimai narazılıqları və sosial problemləri müsəlmanların üzərinə yükləyir. Bu manipulyativ yanaşma, həm ictimai ədaləti, həm də vətəndaş harmoniyasını sarsıdır.
“Xüsusilə gənclərin üzərinə böyük vəzifə düşür. Gənclər təkcə gələcəyin nümayəndələri deyil, bu günün fəal dəyişdiriciləridir. Onlar bu fenomeni yalnız passiv şəkildə izləməməli, onu dərindən anlamağa, diaqnostika etməyə və yeni yanaşmalarla mübarizə aparmağa başlamalıdırlar.
Maarifləndirmə əsas açarlardan biridir. Stereotiplərin qarşısını yalnız doğru və obyektiv biliklə almaq olar. Gənclər İslam haqqında real bilgiləri yaymalı, ictimai fikri dəyişmək üçün yaradıcılıqla, elmlə, rəqəmsal texnologiyalarla fəaliyyət göstərməlidirlər. Onlar həm özlərini müdafiə etməyi, həm də başqalarını maarifləndirməyi bacarmalıdırlar”,-deyə Samir Boudinar bildirib.
Onun sözlərinə görə, Qərbdə yaşayan müsəlman gənclər, bəzən öz kimlikləri səbəbindən ayrı-seçkilik, təzyiq və təcrid ilə üzləşirlər. Amma bu vəziyyət, eyni zamanda, onların məsuliyyətini və rolunu daha da artırır. Onlar həm öz hekayələrini danışmalı, həm də İslamın sülhsevər mahiyyətini, mədəni dəyərlərini daha geniş auditoriyalara çatdırmalıdırlar.
ZÜMRÜD