Ermənistan parlamenti son iclasında “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qərarın lehinə iki müxalifət fraksiyasının təmsilçilərindən başqa 63 nəfər səs verib.
Erməni müxalifəti bütün prosesi şou adlandıraraq, seçimin Rusiya ilə Avropa İttifaqı arasında deyil, Rusiya ilə Türkiyə arasında olacağını qeyd edib. “Hayastan” müxalifət blokunun üzvü Artur Xaçatryan bildirib: “Bütün bunlar biabırçı blefdir, Bu layihə ilə “Vətəndaş müqaviləsi” Ermənistanın xarici siyasətini təhdid edir”. Qanun layihəsini təşəbbüsün müəlliflərindən biri, Ədliyyə Nazirliyinin keçmiş rəhbəri, qərbyönlü “Respublika” partiyasının siyasi şurasının üzvü Artak Zeynalyan təqdim edib. Onun əsas arqumenti təşəbbüsün ictimai-siyasi təşkilatlar tərəfindən dəstəkləndiyi və onun dəstəklənməsi üçün 60 min imza toplanması olub. Hökumət isə layihəni bir ay əvvəl təsdiqləyib. Rusiyada bütün bunlar ciddi narazılıqla qarşılanır. Elə bu günlərdə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov qeyd edib ki, Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin də tərkibindən çıxmalı olacaq. Senator vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük digər oxşar təşkilatlarda iştirakla bir araya sığmır: “Yeri gəlmişkən, əgər kimsə Avropa İttifaqına daxil olarsa, bu, təkcə Aİİ ilə deyil, həm də MDB ilə vidalaşmaq deməkdir”. O, Ermənistanın Avropa İttifaqına üzvlüyünü absurd adlandrıb.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Avropa İttifaqına daxil olması ilə Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirib. O, nəticədə Ermənistanda qiymətlərin qalxacağını, elektrik enerjisinin bahalaşacağını, ixracın 70-80% azalacağını, vizasız rejim müqabilində əhalinin azalacağını, əhalinin gəlirlərini və iş yerlərini itirəcəyini proqnozlaşdırıb. A.Overçuk İrəvanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib. Ermənistan baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında İrəvandan Avropa İttifaqı ölkələrinə aviasərnişin daşımalarının 2018-ci ildən etibarən 400 faiz artması barədə yazdığı fikirləri Rusiya KİV-i ölkənin “Aİ-yə daxil olmaq üçün yeni arqumenti” adlandırıblar. Halbuki, mətbuatın yazdığına görə, bu göstərici əsasən Moskvadan transfer üçün Zvartnots hava limanından istifadə edən rusların hesabına artıb. Məlum olduğu kimi, Rusiyadan Avropa ölkələrinə birbaşa aviareyslər dayandırılıb. Hesab olunur ki, Avrasiya İqtisadi İttifaqını tərk edərsə, o zaman Ermənistanın ixrac və idxal sahəsi iflasa uğraya bilər. Bu da Ermənistan iqtisadiyyatının çökməsi deməkdir. Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin isə qeyd edib ki, Ermənistanın Avropa İttifaqına daxil olmaq yolunda addımlamaq şansı var. Lakin İrəvan hələ bu arzudan çox uzaqdır: ““Ermənistan Aİ-yə daxil ola bilməyəcək. Birincisi, onun heç bir statusu yoxdur. Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusu almaq önəmlidir. Ermənistanın isə belə bir statusu yoxdur. Hökumət belə bir xüsusi status almaq üçün Brüssellə rəsmi əlaqə saxlamalıdır. Ona görə də bu, ümumilikdə Aİ yolunda hərəkətin başlanğıcıdır. Lakin Ermənistan hakimiyyəti məsələyə ciddi yanaşsa, sonda belə status ala bilər”.
Rus ekspert Stanislav Pritçin hesab edir ki, Avrointeqrasiya cəhdi İrəvanı iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq: "Birincisi, Ermənistan heç bir şəkildə Aİ üzvlüyünə namizəd statusuna uyğun gəlmir. Son zamanlar Brüssel tərəfindən nəzərdən keçirilən bütün ölkələrdən Gürcüstan ən münasibidir, lakin bunun üçün o, uzun bir yol qət etməli və siyasi institutlarını yenidən qurmalı idi. Və burada ikinci məqama gəlirik: Ermənistan Aİİ-dən çıxmalı olacaq. Rəsmi İrəvanın ritorikasında bu mövzu ümumiyyətlə görünmür, çünki Ermənistan hakimiyyətinin bu təşkilata qarşı heç bir şikayəti yoxdur. Bu, Ermənistan ticarətini stimullaşdırır və respublikaya investisiya cəlb edir. Aİİ-dən çıxmaq Moskva ilə İrəvan arasında münasibətlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq. Avropa İttifaqı heç vaxt Ermənistana Rusiya kimi strateji tərəfdaşın getməsinə görə kompensasiya verə bilməyəcək”. Pritçinin sözlərinə görə, Aİİ-dən çıxmağı Ermənistanın intiharı ilə müqayisə etmək olar, bunun yeganə nəticəsi isə İrəvan üzərində Aİ bayrağını qaldırmaq istəyi olacaq. Bu baxımdan o, respublika hakimiyyətinin bu addımı ciddi düşünə biləcəyinə inanmır. Ekspert Avrointeqrasiya mövzusunda söhbətləri Ermənistan rəhbərliyinin öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti onların reaksiyasını qiymətləndirdikdən sonra yeni xarici siyasət kursu hazırlamaq cəhdi kimi izah edir. O qeyd edir ki, Paşinyan Rusiya ilə münasibətləri gərginləşdirməklə yanaşı, alternativ təklif etmir. Ermənistanın Aİ ilə yaxınlaşma siyasəti respublikanın iqtisadi faydaları və ya erməni xalqının rifahı ilə bağlı deyil. Məsələ burasındadır ki, Nikol Paşinyanın komandası bu cür addımlarla Qərbin siyasi sifarişini yerinə yetirir ki, məhz bu sifarişlərin yerinə yetirilməsi üçün bu komanda respublikada hakimiyyətə gətirilib. Qərb Ermənistanı regiondakı proseslərə təsir etmək üçün özünün forpostuna çevirir.
Samirə SƏFƏROVA