Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclası başa çatdı və yekunda heç bir qərar qəbul olunmadı: nə qətnamə, nə bəyanat, nə də mətbuata açıqlama.
Qətnamə və bəyanatın qəbul edilməsi gözlənilən deyildi. Prosedur qaydalarına görə, hansısa qərarın – qətnamə, yaxud qərarın qəbulu üçün ya yekdilliklə səsvermə, ya da çoxluğun səsi – 5 daimi üzvün hamısının da daxil olduğu 9 səs lazımdır. Bunun mümkünsüz olduğu əvvəldən bəlli idi, xüsusilə Rusiyanın bölgədəki maraqları fonunda BMT-dən qərarın çıxmasına qarşı olması, o cümlədən, daimi və qeyri-daimi üzvlər arasında Azərbaycanı dəstəkləyən ölkələrin mövcudluğu fonunda bu mümkün sayılmırdı. Maraqlı məqam ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı dünyanın koalisiyalardan ibarət olduğunu bir daha sübut etdi. Belə ki, ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsir gücünə malikdir. Misal üçün, dünənki çıxışlara diqqət yetirsək, Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən də səsləndirildi. Ermənistan üçün isə gözlənilməz məqam Braziliyanın və Albaniyanın Azərbaycanı dəstəkləməsi oldu. Tirananın Kosovo məsələsinə görə Bakı və İrəvan arasında bitərəf qalacağını düşünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının Balkanlarla siyasi, iqtisadi və strateji müttəfiqliyini nəzərə almamışdı. Həm Braziliyanın, həm də Albaniyanın “Xankəndi”, “Azərbaycanın ərazi bütövlüyü” ifadələrini işlətməsi sözsüz ki, təqdirəlayiq idi.
BMT TŞ-dakı müzakirələr Ermənistan diplomatiyasının tam iflası kimi də qəbul edilə bilər. Erməninistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı - toplaşdılar, söhbətləşdilər, dağılışdılar.
Bu, Fransa və Ermənistanın artıq ikinci iflasıdır – ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Göründüyü kimi, hər iki cəhd nəticəsiz qaldı.
Hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını - reallıqları qəbul etdi.
Bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Bu, həm də Azərbaycanın diplomatiyasının gücünü göstərdi.
BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi iclasda İrəvanın uğursuz nəticə əldə etməsi Ermənistan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb.
Vətəndaşlar, siyasi partiya nümayəndələri və politoloqlar baş verənlərdə Nikol Paşinyanı günahlandırırlar. İclasda İrəvanın məqsədinə nail olmaması, heç bir sənədin qəbul edilməməsi Paşinyana qarşı “istefa” çağırışlarını yenidən gündəmə gətirib.
İclasdan dərhal sonra, bu gün (17 avqust-red.) axşam saat 7-də İrəvanın mərkəzi hissəsi sayılan Azadlıq meydanında Nikol Paşinyan hakimiyyətinin devrilməsi üçün aksiyanın keçirilməsi planlaşdırılıb. Artıq telegram kanalları, onlayn platformalar vasitəsilə sözügedən saatda meydanda toplanmaqla bağlı çağırışlar edilir. Ermənilər yeganə yolun Paşinyanın hakimiyyətdən göndərilməsi olduğunu və başqa çarənin qalmadığını bildirirlər. Bax, elə buradaca: “nə oldu, Paşinyan?”, demək lap yerinə düşür.
Məhəmmədəli QƏRİBLİ