Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.
Müdafiə nazinə məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artilleriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin saxlanılma anbarı da mövcuddur. Sonra rəhbər heyət Birləşmiş Anbarlar Mərkəzində və yeni istifadəyə verilən Raket-Artilleriya Silahları anbarında olub. Yaradılan infrastrukturla tanış olan müdafiə nazirinə Azərbaycan Ordusunun müvafiq istiqamətdə dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə məlumat verilib.
BAM-nin və yeni istifadəyə verilən hərbi infrastrukturun imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün növ təminat vasitələrinin – ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.
Ümumilikdə, azad edilən rayonlarda bu kimi hərbi obyektlərin yaradılmasının nə kimi əhəmiyyəti var?
“Bu təkcə təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən yox, yaşayış məntəqələrinin bərpası baxımından da vacib rola malikdir”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə hesab edir ki, bunun çox mühüm və çoxşaxəli strateji əhəmiyyəti var: “Əvvəla, azad olunan ərazilər böyükdür. O üzdən bu cür ərazilərdə güclü hərbi infrastruktur olmalıdır. Belə ərazilərdə lazımı hərbi infrastrukturun olmaması ciddi çətinliklər yaradır. Həm etibarlı təhlükəsizliyin təmin edilməsi baxımından, həm də digər məsələlər baxımından. Belə ərazilərə ərzaq, silah-sursat çatdırmaq, texniki təmiri təşkil etmək və s. çox vacibdir. Nə qədər hərbi logistika qısa olacaqsa, o qədər də bu, effektiv olacaq. Sözügedən məsələdə iki məqam var. Hərbi infrastruktur təmas xəttinə həddindən artıq yaxın qurularsa, o zaman atəş altında qala bilər. Çox uzaq olanda isə təminat çətinləşir. Ona görə də elə məsafə seçilməlidir ki, bu problemlər olmasın. Həmçinin, dağlıq ərazilərdə hərbi infrastruktur qurularkən elə yerlər seçilməlidir ki, qorunmaq üçün daha uyğun olsun. Üstəlik, belə infrastruktur paralel yaradılır. Çünki belə obyektlərə işıq, qaz, su lazımdır. Belə olanda hərbi hissələrə yaxın olan ərazilərdə mülki infrastruktur inkişaf etməyə başlayır. Nəzərə almaq lazımdır ki, belə ərazilərdə dükan olmalıdır, hansısa istirahət yerləri olmalıdır. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq və bərpa işləri gedir, o zaman hərbi infrastrukturun yaradılması da bu və ya digər formada buna öz töhvəsini verir. Əhali daha inamla bu ərazilərə geri qayıdacaq. Çünki hərbi infrastruktur təhlükəsizliyin təmin olunmasına ciddi töhvə verir. Bu da öz növbəsində mülki infrastrukturun inkişafını təmin edir. Ona görə də bu yöndə görülən işləri müsbət dəyərləndirirəm. Bu, təkcə təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən yox, yaşayış məntəqələrinin bərpası baxımından da vacib rola malikdir”.
Vidadi ORDAHALLI