“Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır”. Bu barədə Böyük Britaniyanın “Express” nəşrində dərc olunan “Azərbaycan Hirosimasının müharibə aparan torpaqlarından” adlı məqalədə deyilib.
Məqalədə qeyd edilir ki, bu ərazidə azı 400 min mina yerləşdirilib. Keçmiş təmas xətti ən çox minalanmış ərazidir.
Qeyd edək ki, ermənilərin basdırdığı minaların azərbaycanlıların öz torpağına qayıdışına mane olması mövzusu artıq dünya mediasında müzakirə olunur.
“Mina elə bir təhlükədir ki, onunla bağlı mübarizədə hətta düşmənlərlə qarşılıqlı işbirliyi edilməlidir, buna görə də dünya mediası məlum məsələyə diqqət ayırır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mina təhlükəsi qlobal problem kimi qəbul edilir: “Dünyanın müxtəlif ölkələrində partlamamış hərbi sursatlar, yerə basdırılan minalar insan həyatı üçün gözlənilməz təhlükələr mənbəyidir. Buna görə də məlum məsələyə qlobal səviyyədə diqqət ayrılır. Böyük Britaniya mediasının məsələnin üzərində məhz bu konteksdən yanaşması təsadüfi deyil. Onlarda başa düşür ki, ölkələr və xalqlar arasında münasibətlərin özü bir başqa məsələdir. Ancaq mina ilə bağlı vəziyyət o deməkdir ki, buna güzəşt edilə bilməz. Mina elə bir təhlükədir ki, onunla bağlı mübarizədə hətta düşmənlərlə qarşılıqlı işbirliyi edilməlidir. Buna görə də dünya mediası məlum məsələyə diqqət ayırır”.
Həmsöhbətimizin sözlərinə görə, ötən 30 il ərzində ermənilər işğalda saxladıqları Azərbaycan torpağını mina zibilliyə döndərdiyindən, o ərazilərdə atılan və ya atılacaq hər bir addım təhlükə deməkdir: “Biz həmin əraziləri dinc quruculuq sahəsinə çevimək istəyirik, əhalinin normal yaşayışını təmin etmək istəyirik. Ancaq təəssüflər olsun ki, ermənilər buna mane olur”.
A.Həsrət hesab edir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir.
Günel CƏLİLOVA