Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır.
O, qeyd edib ki, Rusiya belə bir addımın regionda vəziyyətin sabitləşməsinə kömək edəcəyinə əmindir:
“Belə qərarlar KTMT-də razılaşdırılır və Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə ən yüksək səviyyədə təsdiqlənir. Vaxta gəlincə, mənə elə gəlir ki, burada da hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olduqdan sonra biz təşkilatın müşahidə missiyası üzrə əsaslı işə qayıda biləcəyik. Yəni, hazırda top İrəvandadır”.
Diplomatın sözlərinə görə, Rusiya İrəvanın KTMT nümayəndələrini qəbul etməkdə hələ də marağlı olmasından razıdır.
Ermənistan KTMT-nin müşahidə missiyası ilə bağlı hansı qərarı verə bilər?
Ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Avropa İttifaqının monitorinq missiyası iki illik müddətə Ermənistana göndərildikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da bu ölkənin Azərbaycanla şərti sərhədinə öz missiyasını göndərmək istəyir. Belə ki, təşkilatın nümayəndəsi Yuri Şuvalovun dediyinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır. O bildirib ki, KTMT Ermənistanın “təhlükəsizliyi naminə” bu addımı atmağa hazırdır. KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və “bu sahədə problem yoxdur”. Amma Şuvalov konkret hansı yardımlardan söhbət getdiyini açıqlamayıb. Qərbin adamı kimi Nikol Paşinyan bundan sonra Avropa İttifaqının monitorinq missiyasına üstünlük verdi. Avropa İttifaqının iki illik missiyası artıq Ermənistanda fəaliyyətə başlayıb. Bu missiyanın Ermənistana gəlməsindən sonra rəsmi İrəvanın KTMT ilə əməkdaşlığa marağı azalıb və sözügedən sahədə təşkilatın mövqeyini nəzərə almır. Üstəlik, Rusiyanın Gümrüdəki hərbi bazasının qarşısında bir neçə dəfə etiraz aksiyasının keçirilməsi, KTMT katibinin müavini vəzifəsinə öz namizədini verməkdən imtina etməsi Ermənistanın təşkilata qarşı soyuq münasibətinin göstəricisidir. Bu, həm də, o deməkdir ki, Paşinyan hakimiyyəti Qərblə əməkdaşlığa üstünlük verir. Yeri gəlmişkən, rəsmi Moskva Ermənistanın belə mövqeyini xoş qarşılamır. Bu səbəbdən də Rusiya KTMT missiyası adı altında Ermənistan ərazilərində yeni hərbi mövcudluq yaratmağa çalışır. Onun fikrincə, KTMT missiyası indiki məqamda Ermənistanda olmayacaq. Çünki Paşinyan Gümrüdəki Rusiya hərbi bazasına rəqib kimi ölkəyə Avropa İttifaqının missiyasını gətirib. Belə olan təqdirdə Qərb-Rusiya geopolitik qarşıdurması indi Ermənistan ərazilərində növbəti cəbhəni formalaşdırır”.
Ekspert hesab edir ki, Ermənistan hər vəchlə KTMT-dən xilas olmağa çalışır: “Lakin Ermənistanın dövlət müstəqilliyi kövrək olduğundan KTMT-dən qopmağa gücü və iradəsi çatmır. Azərbaycan isə öz sərhədlərinin yaxınlığında hansısa qondarma missiyaları əsla qəbul etmir. Bununla bağlı açıq mövqeyimiz var. Bu missiyalar başqa niyyətlərlə Ermənistanda özlərini göstərirlər. Bu səbəbdən də iki ölkə arasındakı şərti sərhədə hansısa xarici qüvvələrin yerləşdirilməsinə rəsmi Bakı razı deyil”.
Məhəmmədəli QƏRİBLİ