ABŞ dövlət katibinin hərbi-siyasi işlər üzrə köməkçisinin müavini Karen Çandler bəyan edib ki, 2021-ci ilin noyabrından ABŞ 2020-ci ildə Azərbaycanla Ermənistan arasında intensiv hərbi əməliyyatlar nəticəsində ziyan dəymiş ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon dollara yaxın vəsait ayırıb:
“Biz artıq bütün regiona 2,5 milyon dollar təqdim etmişik ki, orada çalışan icraçı tərəfdaşlarımız tərəfindən ədalətli paylansın. Yaxın aylarda daha 2 milyon dollarımız olacaq, onlar 2022-ci maliyyə ili büdcəsinin bir hissəsidir. Bundan sonra üç əlavə layihə yaradılıb”.
İki ildən çoxdur müharibə bitib, amma minalar mülki vətəndaşlarımızı öldürür, şikəst edir. ABŞ Ukraynaya təkcə minaların təmizlənməsi ilə bağlı 3 milyard dollar yardım edib. Azərbaycana gəldikdə isə qəpik-quruş. Yardımın az olması öz yerində, amma minalanmış ərazilərlə bağlı, mina xəritələrinin verilməsi ilə bağlı ünvanlı şəkildə Ermənistana hər hansı təzyiq yoxdur. Qərb ölkələri tərəfindən, o cümlədən ABŞ tərəfindən heç bir bəyanat da yoxdu. Yəni, minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana verməklə bağlı Ermənistana hansısa təzyiq edilmir. Heç bu mövzuya toxunmurlar da. Niyə?
“Həm minaların təmizlənməsi ilə bağlı ölkəmizə qəpik-quruş ayırır, həm də mina xəritələri ilə bağlı Ermənistana təzyiq etmir”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, mina terroruna etiraz etməyənlər Ermənistanın bu siyasətinə ortaq olurlar: “Hesab edirəm ki, mina terrorunun davam etməyinin ən böyük günahkarlarından biri həm də Ermənistana səs çıxarmayan havadarlarıdır. Təəssüflər olsun ki, bu günə qədər 30 il ərzində 3 min nəfərdən çox Azərbaycan vətəndaşının mina terroruna qurban getməyi, 44 günlük Vətən müharibəsindən sonra isə 280-dən çox vətəndaşımızın nina terroruna tuş gəlməsi bizə qarşı olan terroru göstərir. Bu, Ermənistanın Azərbaycan xalqına qarşı davam etdirdiyi çoxvektorlu siyasətin davamıdır. Eyni zamanda, təəssüflər olsun ki, bu günə kimi nə ABŞ, nə Rusiya, nə də beynəlxalq güclər və yaxud da mina böhranı ilə məşğul olan təşkilatlar hansısa bir formada Ermənistana heç bir təzyiqlər etmir. Nəticədə Azərbaycan vətəndaşlarının mina terroruna qurban getməyi davam edir. Çünki minalanmış ərazilərin miqyası çox böyükdür. Dəqiq xəritələr verilməsə, həmin ərazilərin təmizlənilməsi vaxt çox aparacaq. Üstəlik, bu, daha çox vətəndaşın minaya düşmə risqi deməkdir. ABŞ bu məsələdə çox böyük ədalətsizliklərə yol verir. Həm minaların təmizlənməsi ilə bağlı ölkəmizə qəpik-quruş ayırır, həm də mina xəritələri ilə bağlı Ermənistana təzyiq etmir. Qərbin mina xəritələri ilə bağlı Ermənistana praktiki təziqlər etməməsi dünyanın əslində humanitar problemlərdə də ədalətsiz və ikiüzlü mövqe tutmasının növbəti təzahürlərindən biridir. O baxımdan hesab edirəm ki, bu hadisəyə qarşı kəskin münasibət olmalıdır. Əks halda Ermənistandan örnək alan bir sıra dövlətlər minalanma siyasətini davam etdirəcəklər. Nəticədə çox sayda mülki insan tələf olacaq”.
Vidadi ORDAHALLI