Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının Rusiya ordusunda xidmətə cəlb edən təbliğat xarakterli flayerlərin yayılması barəsində məlumatlar dərc olunub.
Sözügedən broşuralarda Azərbaycan vətəndaşlarını iş və evlə təmin edəcəyinə söz verən qurum isə Rusiyanın Yuqra şəhər hərbi dairəsidir.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının ölkə xaricində digər ordularda hərbi xidmət etməsi qanunla qadağandır.
Maraqlıdır, Azərbaycan vətəndaşlarından kimsə həmin şirnikləndirici vədlərə aldanıb Rusiya ordusunda xidmətə qəbul olunsa bu hal hansı hüquqi məsuliyyəti yaradacaq?
Şəmsəddin Əliyev: “Muzdluların hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı da qanun pozuntusu sayılır, bunun cəzası 5 ildən 11 ilə qədər…”
İstefada olan polis polkovniki Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir reklam buketlərini hazırlayan şəxslər Azərbaycanın qayda qanunlarından xəbərsizdir: “Özünü idarəedə bilməyən, uzağı görməyən, sabahı düşünməyənlər bele bir hərəkət edə bilər. Qanunvericilikdə bu məsələyə xüsusi yer ayrılıb. Məlumat üçün bildirim ki, kimi hallar müharibə cinayəti sayılır. Bu kimi çağırışların məqsədi muzdluları yığmaqdır. Onları müəyyən hərbi əməliyyatlarda iştirak etmək üçün nəyinsə qarşılığında dəvət edirlər. Bu da dövlətin və ya başqa dövlətin vətəndaşı da ola bilər. Muzdluları yığıb onlara müəyyən vəd qarşılığında onlara hərbi münaqişələrə cəlb edirlər. Bunu edənlər Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi ilə cəzalandırılır. Məlumat üçün bildirim ki, bununla bağlı cəza hədi 10 ildən yuxarıdır. Yetkinlik yaşına çatmayanları da bu işə cəlb edənlər daha ağır formada cəzalandırılır. Onlar 9 ildən 15 ilə kimi azadlıqdan məhrum edilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, muzdluların hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı da qanun pozuntusu sayılır. Bunun cəzası 5 ildən 11 ilə qədər azadlıqdan məhrum edilməkdir: “Bu kimi məsələlərə diqqət edilməlidir. Ölkə vətəndaşlarının belə vədlərə aldanmaması üçün lazımi işlər görülməlidir”.
Mehman Muradlı: “Bu cür cinayət 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına uyğundur”…
Vəkil Mehman Muradlı qəzetimizə açıqlamasında qeyd etdi ki, muzdluluğun mahiyyəti maddi mükafat, habelə son dərəcə yüksək gəlir müqabilində insanların kütləvi qırılmasını həyata keçirməkdən ibarətdir. Qanla yuyulmuş pullar nəinki onların sahibinə, həm də hərbi konfliktlərin ətrafında hərəkət edərək onları qızışdıran şəxslərdə təbii insani hisslər sistemi dağıdır: “Həmin pullar bu cür münaqişələrin meydana gəlməsini “tələb edir”, nəinki “qaynar nöqtələrdə” eləcə də sivilizasiyaının bütöv regionlarda müharibə psixozun qalmasına kömək edir. Məhz bu səbəbdən muzduluq müharibə aparmanın qadağan olunmuş metod və vasitəsi kimi dünya birliyi tərəfindən qadağan olunubdur. Bu, BMT Baş Məclisinin qərarlarında da öz əksini tapıbdır. Həmin qərarlara görə hər bir dövlət başqa dövlətin ərazisində müdaxilə etmək üçün nəzərdə tutulan qeyri nizami qüvvələrin və ya silahlı bandaların təşkilindən və ya onların təşkilinə kömək etməkdən çəkinməlidir. Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlimi keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaının müddəalarından irəli gələrək “Muzdluluq” cinayəti qanunvericiliyə daxil edilibdir. Cinayətin bilavasitə obyekti müharibə aparmanın beynəlxalq hüquqla tənzim olunan metod və vasitələri, əlavə obyekti isə hərbi münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirak edən ölkələrin qeyri-müəyyən sayda əhalisinin həyatıdır. Bu cinayət obyekti cəhətdən bu hərəkətlərin törədilməsilə istifadə olunur.
- Muzdluları yığma.
- Onlara təlim keçmə.
- Onları maliyyələşdirmə və başqa cür maddi təminat vermə.
- Onlardan hərbi münaqişələrdə və ya hərbi əməliyyatlarda istifadə etmə.
Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat almaq məqsədilə fəaliyyət göstərən şəxslər başa düşülür. Hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin ərazisində yaşamayan şəxs dedikdə, həmin dövlətin ərazisində daimi yaşamayan, orada evi, iş yeri və əhalisi olmayan şəxs başa düşülür. Muzdlular yığma dedikdə hərbi münaqişələrdə və ya hərbi əməliyyatlarda istifadə etmək üçün dəvət edilməsində ifadə olunur. Dəvət etmə müxtəlif üsullarla həyata keçirilə bilər: siyahıya almaqla, şifahi razılıq alınmaqla və s. Muzdlulara təlim keçmə onların silahdan, döyüş texnikasından istifadə etmənin qaydalarının, habelə müharibə aparmanın metod və vasitələrinin, o cümlədən hərbi əməliyyatların aparılması taktikasının öyrədilməsində və s. ifadə oluna bilər. Muzdlularla başqa cür maddi təminat vermə dedikdə, onların silahla, hərbi texnika ilə, hərbi geyimlə, yaşayış sahəsi vermək və s. təmin olunması başa düşülür”. M.Muradlı onu da əlavə etdi ki, “muzdluluq” cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Subyekti 16 yaşına çatmış anlaqlı şəxs ola bilər. Bu tərkibin tövsifedici əlaməti kimi muzdluluq cinayətinin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayanların muzdlu qismində cəlb edilməsi, onlardan hərbi əməliyyatlarda istifadə olunması və s. bu əməlin ictimai təhlükəliliyini artırır: “Cinayət Məcəlləsinin 114.3-cü maddəsində muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı xüsusilə tövsifedici əlamət kimi nəzərdə tutulubdur. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı dedikdə, muzdlu kimi cəlb olunmuş şəxsin döyüş əməliyyatlarında, hərbi münaqişədə bilavasitə iştirak etməsi başa düşülür. Bu cinayət muzdlunun iştirak etdiyi döyüş əməliyyatının başlandığı andan başa çatmış sayılır. CM-nin 114.3-cü maddəsi üzrə cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Bu cinayətin subyekti hərbi əməliyyat başlanan ana qədər (həmin anda) 16 yaşı tamam olmuş anlaqlı şəxs ola bilər.
Bu cür cinayət 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına cəzalandırılır. Rusiya Federasiyasının hər hansı bir strukturunun bu cür çağırışı bəşəriyyət əlehinə olan cinayətdir və hesab edirəm ki, bu cür çağırışlar gələcəkdə onlara qarşı qaldırılan Haaqa məhkəməsinin araşdırma mövzusu ola bilər”.
Günel CƏLİLOVA