Məlum olduğu kimi, bu ilin yanvarından Avropa İttifaqının monitorinq missiyası Ermənistan sərhədində fəaliyyət göstərir. Bu missiyanın iki il sərhəddə fəaliyyət göstərəcəyi barədə razılıq əldə olunub. Lakin Ermənistan bununla da kifayətlənmir və Aİ müşahidəşilərinin sayının artırılması istiqamətində səylərini artırır.
Parlament sədri Alen Simonyan bəyan edib ki, Polşa Aİ müşahidəçilərinin Ermənistanda iştirakını genişləndirməyi planlaşdırır: “Bu, təhlükəsizlik, regionda sabitliyin təmin edilməsi və yerli etimadın möhkəmləndirilməsi baxımından əlverişlidir. Biz onu da bilirik ki, bu ilin ortalarında Polşa öz müşahidəçilərinin missiyada iştirakını genişləndirməyi planlaşdırır və bu, bizim tərəfimizdən çox müsbət qarşılanır”.
Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Ermənistan Azərbaycanla beynəlxalq sərhədlərində Aİ mülki missiyasının yerləşdirilməsinin, onların sayının artırılmasının təhlükəsizliyin təmin olunması, eləcə də, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün dəyərli, effektiv alət kimi görür.
Məlumat üçün qeyd edək ki, Aİ monitorinq missiyasının sayı 200 nəfərdir. Belə görünür ki, Ermənistan bu sayın daha da artırılmasını istəyir.
“Bu, Qərbin Qafqazda yeni cəbhə açmaq cəhdidir və bu addımlar Ermənistana baha başa gələ bilər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bütün bunlarda Ermənistan hakimiyyətinin bir sıra məqsədləri var: “Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan və digər erməni rəsmiləri Avropa İttiqafı müşahidəçisinin sərhəddə sayının artırılması istiqamətində fikirlər səsləndirirlər. İlk növbədə qeyd edim ki, bu, Qərbin Qafqazda yeni cəbhə açmaq cəhdidir və bu addımlar Ermənistana baha başa gələ bilər. Rusiya Ermənistandan asanlıqla imtina etmək fikrində deyil və erməni rəsmilərinin bu cür davranışları Qərblə Rusiyanın Ermənistanda toqquşmasına işarədir. Əgər onların maraqları toqquşursa, sözsüz ki, əziyyət çəkən tərəf Ermənistan olacaq. Görünən budur ki, Qərbin təkidi ilə Ermənistan da Rusiyadan imtina etmək istiqamətində özünü fokslayıb. Bu fokuslanma çox ciddi problemlər yarana biləcəyi ehtimalını doğurur. Bilirsiniz ki, Ermənistan iqtisadisadiyyatı Rusiyanın əlindədir. Yəni Rusiyanın böyük şirkətləri Ermənistanın iqtisadi mənzərəsini yaradır və iqtisadiyyatının idarəedilməsini həyata keçirir. Ona görə də düşünürəm ki, baxmayaraq Nikol Paşinyan Qərbin adamı kimi hakimiyyətə gəldi və qərbləşmə prosesinə onun gəlişi ilə start verildi, Rusiya heç də bu proseslə razılaşmır. Emənistan heç vaxt forpostluqdan çıxa bilməyəcək və bundan çıxmaq cəhdi baş tutarsa, bu, onun iflasına gətirib çıxaracaq. Ona görə də sülhməramlı missiya adı ilə Ermənistanda fəaliyyət göstərən Aİ-nın monitorinq missiyası sayının artırılması heç bir məntiqə uyğun deyil. Rusiya onsuz da bu missiyanın fəaliyyətini istəmirdi. Rusiya öz sülhməramlı missiyasını Avropaya bağışlamaq nə fikri, nə də niyyəti var”.
Politoloq onu da əlavə edib ki, əgər Ermənistan həqiqətən də Qafqazda sülh və əminamanlığın tərəfindədirsə, kiminsə missiyasına ehtiyac duymamalıdır: “Sadəcə olaraq, 2020-ci ildə imzaladığı üçtərəfli Bəyannaməyə hörmətlə yanaşmalıdır və elə məhz sülh prosesi həmin bəyannamənin şərtlərinin yerinə yetirilməsi üzərində qurulub. Ermənistan bunu qəbul edib sülhə "hə" deməli və öz imzasına hörmətlə yanaşmalıdır. Başqa formada kimin missiyasından və istəyindən asılı olmayaraq bu mümkün deyil”.
Vidadi ORDAHALLI