Martın 27-də Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün yenidən görüşə dəvət edib:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilən müşavirənin davamı olaraq və martın 13-də dəvətə əsasən, Qarabağın erməni icmasının nümayəndələrini növbəti dəfə Bakıda toplantı keçirməyə dəvət edir. Aprelin ilk həftəsi Bakıda reinteqrasiya məsələləri, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi müzakirə ediləcək”. Xatırladaq ki, ilk görüş Rusiya sülhməramlı kontingentinin (RSK) Xocalıdakı komandanlığının vasitəçiliyi ilə keçirilib. Bunun ardınca Bakıdan ilk dəvət gəlib, lakin Qarabağ erməniləri özlərini Azərbaycanın bir hissəsi kimi görmədikləri üçün reinteqrasiya məsələsini müzakirə etmək fikrində olmadıqlarını və “Qarabağın müstəqilliyi” uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər. Gözlənildiyi kimi, separatçılar yenə də Bakıya səfərə razı olmadılar. Beləliklə, gözlənilən uğursuzluq yenidən alınır. Amma rəsmi Bakı açıq-aydın belə bir aktiv təkliflə nəyəsə nail olmağa çalışır. Maraqlıdır ki, gənardan: nə Rusiya, nə də Avropa belə görüşün baş tutmasına heç bir təsir göstərmədi. Nədən beynəlxalq dairələr sülh prosesinə müsbət təsir göstərəcək bu formata dəstəklərini ifadə etmədilər?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regionda maraqları olan hər bir qüvvə öz mövcudluğunu daha da gücləndirməyə çalışır: “Rusiyanın başı müharibəyə qarışdığına görə Azərbaycanla əməkdaşlığa məhkumdur. Çünki bir çox biznes sövdələşmələrini bizim üzərimizdən də edir. Qarabağda silahlı ermənilərin varlığı birbaşa Rusiyanın üzərinə düşən öhdəlikdir. 10 noyabr müqaviləsində bu göstərilsə də, əməl etmir. Erməni icması ilə təmasların aparılmasına əsasən Qərb maraqlıdır. Onlarla bir görüş oldu. Ermənilər növbəti görüş üçün Bakıya gəlməyəcək. Dünən bizim təcili yardım maşınımız Xankəndidə ermənilərə yardım edib. Günün birində bizim qoşun kalonumuz həmin şəhərə girib, yerli erməniləri terrorçuların əlindən qurtaracaq. Bunu Ermənistan da yaxşı bilir. Azərbaycan sərhədlərini tam bağlayandan sonra daxildəki antiterror əməliyyatlarını həyata keçirəcək. Bundan sonra mülki ermənilərin nümayəndələri həvəslə Bakıya gələcəklər. Daxildəki separatçılar təmizlənməsə bu format baş tutmayacaq. Azərbaycanın şanslarının artdığı bir vaxtda bizə İran vasitəsilə ikinci cəbhəni açırlar. Beynəlxalq güclərin əksəriyyəti Qarabağdakı ermənilərə status verilməsini istəyir. Bizim təklif etdiyimiz birbaşa təmasların mahiyyətində bu mövzuya ümumiyyətlə yer yoxdur. Bu səbəbdən də pozuculuğa dəstək ifadə edirlər. Biz bunlara məhəl qoymadan antiterror əməliyyatımızı keçirməliyik”.
Partiya sədrinin sözlərinə görə, bu həm də onları maliyyələşdirməyə davam edən və faktiki olaraq sülh müqaviləsi bağlamaqdan imtina edən, Qarabağ ermənilərinə xüsusi statusun verilməsini tələb edən Ermənistanın mövqeyidir: “Çünki Bakının yaranmış şəraitdə bu statusun verilməsinə razılıq verməyəcəyini də yaxşı bilir. Ən əsası isə Rusiya hərbi kontingentinin olmasıdır ki, orada Qarabağın erməni əhalisi özünü onların himayəsində hiss edir. Ona görə də İrəvanın qərarı və Moskvanın icazəsi olmadan heç kim heç bir danışıqda iştirak etməyəcək”.
Məhəmmədəli QƏRİBLİ