Rusiya Avropaya qazın nəqlini azaltmaq məcburiyyətində qaldıqdan sonra yeni bazarlar axtarmağa başlayıb. Çindən sonra Rusiya Cənubi Asiya ölkələrinə qaz ixrac etmək istəyir. Çünki gözləntilərin əksinə olaraq Çinin Rusiyadan idxal etdiyi qazın həcmi elə də böyük deyil.
Bu arada Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistannı qaz infrastukturundan istifadə ediləcək. Bu ideyanı gerçəkləşdirmək üçün yeni boru xəttləri də çəkilməlidir. Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi bəlli deyil. O da məlumdur ki, Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. Türkmənistan İran üzərindən Azərbaycana qaz nəql edir. Avropanın əsas istəklərindən biri Azərbaycan vasitəsi ilə Türkmənistan qazını əldə etməkdir. Ancaq bunun üçün Transxəzər layihəsinin reallaşmasına ehtiyac var. Yəni, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Lakin Rusiya buna qarşıdır. Bu səbəbdən Türkmənistan çəkinir və belə bir təşəbbüslə çıxış etmir.
Bütün hallarda nəzərə alsaq ki, Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır, o zaman Aşqabad Rusiyanın məlum təklifini qəbul edəcəkmi?
“Türkmənistan ixracı şaxələnməsində maraqlıdır və təkcə 1-2 istiqamət üzrə qaz ixrac etmək istəmir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov buna birmənalı prizmadan yanaşmadı: “Əvvəla, Türkmənistan regionda böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biridir. Bu konteksdən həm Rusiya, həm də Avropa İttifaqı Türkmənistanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O üzdən, hər iki istiqamətdə Türkmənistanla danışıqların aparılması müşahidə olunur. İndidən Rusiyanın təklifinə Aşqabadın necə cavab verəcəyini proqnozlaşdırmaq çətindir. Çünki Türkmənistanın necə mövqe sərgiləyəcəyi bəlli deyil. Lakin nəzərə almaq lazımdır ki, Türkmənistan da qaz ixracının şaxələnməsində maraqlıdır. Yəni, Türkmənistan təkcə 1-2 istiqamət üzrə qaz ixrac etmək istəmir. Aşqabadın türkmən qazını daha dayanıqlı olan Avropa bazarına ixrac etməkdə maraqlı olduğu güman olunur. Nəzərə almaq lazımdır ki, Türkmənistan-İran-Azərbaycan arasında qazın svop ixracına dair üçtərəfli razılaşma var. Üstəlik, Xəzərdə mübahisəli Dostluq yatağının Azərbaycanla birgə işlənməsinə dair razılaşma var. Ona görə də Azərbaycan Türkmənistanla dostluq münasibətində olan ölkədir və Aşqabadla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Ancaq istənilə halda Türkmənistanın hansı istiqamətdə daha çox qaz ixrac etməsi və eyni zamanda istər Rusiya ilə, istərsədə Avropa İttifaqı ilə əməkdaşlıqda mövqeyi birbaşa Aşqabadın qərarıdır. Azərbaycan bütün hallarda Xəzəryanı ölkələrlə, o cümlədən Türkmənistanla əməkdaşlıqda maraqlıdır”.
Bu baxımdan millət vəkili hesab edir ki, Azərbaycan Türkmənistanla əməkdaşlığını daha da gücləndirəcək.
Vidadi ORDAHALLI