Mayın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla Qarabağdakı vəziyyəti müzakirə edib. Tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyətə toxunub, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini vurğulayıblar.
Telefon danışığı Paşinyanın təşəbbüsü ilə olub. Qeyd edək ki, Qarabağdakı vəziyyət Ermənistanın baş nazirinin təşəbbüsü ilə avqustun 24-də də Putin və Paşinyan arasında müzakirə olunub.
Burada diqqəti çəkən məqam odur ki, bir həftə ərzində Paşinyan Putinlə 2 dəfə telefon əlaqəsi saxlayır, özü də avqustun 31-də Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək Brüssel görüşünə bir gün qalmış.
Maraqlıdır, Putinlə belə müzakirələr Brüssel görüşünə nə vəd edir?
“Prezident İlham Əliyev Brüsselə konkret olaraq müsbət nəticələr əldə etmək üçün gedir”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanın Qarabağda həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Ermənistan ciddi psixoloji və siyasi deqradasiyaya məruz qalıb: “O üzdən, çıxış yolu olaraq Paşinyan tez-tez Putinlə telefon danışığı aparmağa məcbur olub. Ancaq hansı telefon danışığının aparılmasından asılı olmayaraq, ortada razılaşmalar var və Ermənistan konkret olaraq buna əməl etməlidir. Müşahidələr göstərir ki, sözügedən məsələdə Rusiya neytrallığını qorumağa çalışır. Çünki Azərbaycan artıq Türkiyə ilə koordinasiyalı fəaliyyət göstərir. Bu isə ölkəmizin mövqelərinin daha ciddi şəkildə möhkəmlənməsinə xidmət edir. Bir həftə ərzində Putinlə 2 telefon danışığı Ermənistana hər hansı müsbət nəsə vəd etmir. Sadəcə olaraq, Paşinyan bu prosesi Rusiya ilə koordinasiya etməklə nəyəsə nail olmağa çalışır. Onu da nəzərə almalıyıq ki, Rusiya Brüssel görüşünü pozmaq iqtidarında deyil. Çünki Prezident İlham Əliyev Brüsselə konkret olaraq müsbət nəticələr əldə etmək üçün gedir. Fikrimcə, Paşinyan buna məcbur ediləcək və Ermənistanın hər hansı “sürpriz” ortaya atması mümkün olmayacaq. Çünki Rusiyanın mesajlarında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı çağırışlar diqqəti cəlb edir. Ola bilsin ki, Brüssel görüşündən sonra Rusiya rəhbərliyi Paşinyanı Moskvaya çağırsın. Bu da ola bilər. Ancaq mövcud geosiyasi şərtlər Rusiyanın prosesi tormozlamasına imkan verməyəcək. Çünki proseslər Moskvanın əleyhinə işləyə bilər”.
Bir sözlə, politoloq hesab edir ki, Ermənistan üçün çıxış yolu əldə olunan razılaşmalara əməl etməkdən keçir.
Vidadi ORDAHALLI