ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin hazırki səfirinin Şuşaya səfərdən imtinasının doğru olduğunu deyib. Bunun səbəbini belə izah edib ki, sülh sazişi olmadığı üçün belə səfərlər reallaşmır. Kozlariçin məntiqinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdursa, Qərb ölkələrinin səfirlərinin Şuşaya getməsi doğru deyil.
Kozlariç səfirlərin və diplomatların Şuşaya “şəkil çəkdirmək üçün getdikərini” iddia edib. Belə çıxır, Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi tanımalıdır ki, ABŞ səfiri tarixi şəhərimizə getsin?
Digər xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız, Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyib, onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər.
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Kozlariçin bu çür mövqe sərgiləməsində təəccüblü nəsə yoxdur: “ABŞ səfiri Şuşa səfərindən imtinasını nə iləsə əsaslandırmalıydı. O da bunu bu şəkildə edib. ABŞ-ın Qarabağla bağlı mövqeyi indiyə qədər olandan heç nə ilə fərqlənmir. ABŞ və Fransa, əvvəl olduğu kimi, yenə də prosesin uzanmasını istəyir. Bu marağın içərisində Cənibi Qafqazda öz maraqlarını qorumaq dayanır. Ən böyük səfirlik missiyasını Ermənistanda yerləşdirən ABŞ üçün region çox böyük əhəmiyyət kəsb edir. Ona görə də, regiona təzyiq imkanlarını əlində saxlamağa çalışır. Məsələyə Kozlariçin məntiqi ilə yanaşsaq, onda ölkəsinin Ermənistandakı səfirinin iki gündən bir Zəngəzura getməsi də baş tutmamalıdır. Təəccüblü deyil ki, son vaxtlar erməni diasporu xarici ölkələrdə keçirdiyi aksiyalarda rus sülhməramlılarının beynəlxalq güclərin əsgərləri ilə əvəz olunması tələbini irəli sürür. Bunu biz çox qabartmamalıyıq. Erməni mediasında bu hadisə sanki bir ümid qığılcımı yaradıb ki, iki ölkənin səfiri Şuşaya getmirsə, deməli statusla bağlı ümidlər ölməyib. Bundan sonra həmin səfirləri ümumiyyətlə Şuşaya səfərə dəvət etmək lazım deyil. Hətta digər tədbirlərlə bağlı da onları iqnor etməliyik. Onlara mütləq mənada adekvat münasibət bildirilməlidir. Onların Şuşaya səfər etməməsi həmin şəhəri bizim əlimizdən ala bilməz. Kozlariçin digər ölkələrə ünvanladığı “şəkil çəkdirmək” ittihamına da həmin dövlətlərin səfirləri cavab verməlidir”.
Məhəmmədəli QƏRİBLİ