ABŞ-dan növbəti ermənipərəst addım. Məsələ ondadır ki, ABŞ Təxsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü il büdcəsi ilə bağlı hesabatını təqdim edib. Hesabata əsasən, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.
Sözügedən məqsədlə ən azı 60 milyon dollar vəsaitin ayrılması planlaşdırılır: “Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün də 2 milyon dollar nəzərdə tutulub. Komissiya Qarabağ münaqişəsinin humanitar məsələlərə təsirindən və nəticədə mənzil, ərzaq, təhlükəsizlik, su təchizatı, kanalizasiya, səhiyyə və digər sahələrdə yaranan çətinliklərdən narahatdır”.
Görünən odur ki, Birləşmiş Ştatlar bununla bir daha ermənilərə olan sevgisini ortaya qoydu. Əraziləri işğala məruz qalan, şəhər və kəndləri viran qoyulan Azərbaycan, maliyyə yardımını alan Ermənistan. Halbuki, həmin ərazilərin bərpa olunmasına milyardlarla vəsait və böyük vaxt lazımdır. Ancaq ABŞ-ı xaraba qoyulan Azərbaycanın yaşayış məntəqələri maraqlandırmır. Onlar yalnız Ermənistana yardım etməyi düşünürlər.
“Allah üzümüzə baxdı ki, 44 günlük müharibə dövründə hakimiyyətdə Respublikaçılar Partiyası idi”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bunun əsas səbəbini ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyasının Ermənistanla çox yaxın olması ilə əlaqələndirdi: “Bu həmin Cozef Baydendir ki, senator olduğu bütün dövrlərdə erməni lobbisi ilə xüsusi münasibətlərə malik olub. Qondarma “erməni soyqırımı” məsələsini dəfələrlə Konqresin gündəliyinə daxil edib. Bayden 2021-ci ildə prezident vəzifəsini icra edərkən qondarma “soyqırımı” tanıdı. Biz nəzərə almalıyıq ki, 1992-ci ildə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edəndə bunun əsas təşəbbüskarı Demokratlar Partiyası olub. Düzəlişin o vaxt müəlliflərindən biri də Bayden olub. İndi həmin qüvvələr hakimiyyətdə olduğu üçün bu dərəcədə Ermənistanı himayə edirlər. Bir tərəfdən maliyyə yardımı göstərirlər, o biri tərəfdən Minsk Qrupuna vasitəçi təyin edirlər. Allah üzümüzə baxdı ki, 44 günlük müharibə dövründə ABŞ-da Respublikaçılar Partiyası hakimiyyətdə idi. Həmin vaxt Bayden prezident olsaydı, bütün vasitələrlə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mane olardılar. Ona görə də Bayden adminstrasiyası bütün vasitələrlə çalışır ki, Ermənistana yardım etsin və bu ölkəni düşdüyü ağır vəziyyətdən çıxarsın. Azərbaycanın işğal dövründə dağıdılan yaşayış məntəqələrinin bərpası Baydeni və onun komandasını əsla düşündürmür. Belə olmasaydı, Birləşmiş Ştatlar ərazilərimizin minalardan təmizlənilməsinə yardım edərdi. Mina problemi belə, ABŞ-ın marağında deyil. Hesab edirəm ki, Bayden prezident olduğu müddətdə ABŞ-ın timsalında bizə qarşı ədalətsizlik davam edəcək. Sadəcə, ABŞ böyük supergüc olduğuna görə biz bu dövlətlə işləməliyik”.
Bir sözlə, partiya sədri hesab edir ki, ABŞ-la işləməkdən başqa çıxış yolu yoxdur.
Vidadi ORDAHALLI