Ukraynada hərbi əməliyyatların gedişi getdikcə daha maraqlı xarakter almağa başlayıb. Son məlumatlara əsasən, Ukrayna hərbi qüvvələri Xerson istiqamətində əks-hücuma keçib. “Kiyev Independent” nəşri bildirir ki, Ukrayna qüvvələri Xerson yaxınlığında Rusiyanın birinci müdafiə xəttini yarıb: “Əsas körpülərin əksəriyyəti yararsız hala salınaraq, müvəqqəti işğal altında olan Ukrayna bölgəsinə ağır Rusiya silahlarının çatdırılmasına imkan verilmir”.
Ukraynanın “Cənub” operativ komandanlığının rəsmisi Natalya Qumenyuk da məlumatı təsdiqləyib: “Biz bir neçə istiqamətdə hücum əməliyyatlarına başlamışıq və rəqibin birinci müdafiə xəttini yarmışıq. Təbii ki, həmin istiqamətlərin adını çəkməyəcəyik”. Amma ehtimal edilir ki, söhbət Dnepr çayı ətrafında yerləşən ərazilərdən gedir. Ukrayna Silahlı Qüvvələri artıq müəyyən müddətdir ki, Rusiya qoşunlarının zəbt etdiyi Xerson vilayəti ərazisində Dnepr üzərindən hər iki körpünü raket zərbələri ilə planlı şəkildə dağıdırlar. Məqsəd Dneprin sağ sahilindəki rus qruplaşması üçün təchizatsız qalma perspektivinə nail olmaqdır. Ukraynanın “Kaxovka” qoşunların əməliyyat qrupu da vəziyyətin dəyişdiyini bildirir. Qeyd olunur ki, Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. “Kaxovka” açıqlayıb ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə mürəkkəbdir: “Hımars”lar, demək olar ki, bütün böyük körpüləri dağıdıb: Antonovski dəmir yolu, avtomobil və Novokaxovski körpüləri. Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun Krım ərazisindən silah və şəxsi heyətinin tədarükü kəsilib. Bu, Ukrayna üçün öz ərazilərini qaytarmaq istiqamətində parlaq şansdır”. Onu da qeyd edək ki, Xersondan Donetskə qədər birbaşa cəbhə xəttinin uzunluğu təxminən 400, döngələr nəzərə alınmaqla, ən azı 500 kilometrdir. Relyef, əsasən, düz və ağacsızdır. Aşağı axarda Dnepr çayı təbii su maneəsidir. Dneprin cənubunda, sol sahilindəki ərazidə rus qoşunları yerləşir. Lakin onların ön bölmələri - Xerson və Krivoy Roq adlanan qruplar sağ sahildə yerləşir. Onların təchizatına iki körpü xidmət edir - Antonovski avtomobil yolu və Antonovski dəmir yolu. Bütün bu körpülər Amerikanın "Himars" sistemlərindən istifadə edən Ukrayna artilleriyası tərəfindən ciddi zədələnib və ağır texnika və sursatla dolu nəqliyyatın daşınması üçün yararlı deyil. Xerson və Kaxovka su anbarı arasında Dnepr çayının qolu olan İnqulets çayı şimaldan cənuba axır. Rus qoşunlarının işğal etdiyi ərazidə, Ukrayna artilleriyasının da darmadağın etdiyi Daryevka kəndində bu çay üzərində cəmi bir körpü var. O da daim atəş altındadır. İndiki halda Xersondan Donetskə qədər olan cəbhədə Rusiyaya ən azı 50 min əsgər lazımdır. Ancaq şəxsi heyətlə təminat sarıdan ruslar ciddi problemlər yaşayır. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib ki, rusların problemi artır. Onun sözlərinə görə, gələcək inkişaf üçün sentyabr son dərəcə vacib olacaq: “Rusiya geri çəkilmək və Ukrayna ərazisindən qoşunlarının çıxarılması haqqında danışmağa hazır deyil, lakin Ukrayna bütün ərazilərini azad edəcək”.
Ukraynadakı rus blitskriqinin uğursuzluğa düçar olduğu məlum olduqdan sonra Ukrayna ictimai mühitində əks-hücuma başlamaq və məhz Xersondan başlamaq vədləri səslənir. Körpülərə zərbələr və əsas sahələrdə qüvvələrin cəmləşməsi artıq Kiyevin istəyinə nail olduğunu göstərir. Lakin buna cavab olaraq Rusiya komandanlığı minlərlə qırıcı və yüzlərlə hərbi texnikanı Donbasdan Xerson yaxınlığındakı cənub cəbhəsinə köçürüb. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviçin dəyərləndirməsinə görə, Ukraynanın cənubunda 20 mindən çox əsgərdən ibarət 30-a yaxın taktiki batalyon qrupu cəmləşib. Digər tərəfdən Ukrayna Silahlı Qüvvələrinin böyük hücum əməliyyatları keçirmək təcrübəsi yoxdur. Rusiya Silahlı Qüvvələrinin isə bu imkanı var, lakin nisbətən zəif rəqiblərinə - çeçen separatçılarına, gürcü ordusuna, Əsədin suriyalı müxaliflərinə qarşı. Ukrayna ordusu kimi güclü düşmənlə toqquşmada rus qoşunları etimad doğrultmur. Ukrayna ordusu Rusiyanın arxa cəbhəsini və təchizat xətlərini məhv etməklə də vəziyyəti lehinə dəyişməyə çalışır. Krıma zərbələr bunun təsdiqidir. Bura Ukraynanın cənubundakı bütün rus qruplaşmasının əsas təchizat bazasıdır. İlhaq edilmiş yarımadada yerləşən anbarların ölçüsünü Canköy yaxınlığındakı arsenalın partlaması aydın şəkildə göstərir: oradakı partlayışlar bütün gün ərzində davam edib. Krımda anbarlarla yanaşı, Rusiya ordusunun hərbi bazaları və aviasiyanın əsas qüvvələri yerləşdirilib. Ukrayna PUA-larının Krım üzərində uçuşları və onlara qarşı Rusiya zenit silahlarının işə salınması müntəzəm şəkildə baş verir. Nəticə göz qabağındadır, ucuz dronları qurban verən ukraynalılar Rusiyanın hava hücumundan müdafiə sistemini zəiflədir. Bu vəziyyətdə Rusiya Ukraynaya qarşı daha güclü raketlərdən və bombalardan istifadəyə diqqət edir. Nəticədə Ukraynada döyüşlər daha qanlı xarakter alır.
Samirə SƏFƏROVA