Erməni separatçıları yenidən həyasız addımlar atmağa hazırlaşırlar. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir. Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan edib.
Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək.
“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir. Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” - yayılmış bəyanatda deyilir.
Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri, əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndiyə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedir, hərbi paradlarda və s. iştirak edirdi.
1991-ci ilin məhz 2 sentyabrında Qarabağ “parlamenti” Azərbaycandan “müstəqilliyini” elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. 44 günlük İkinci Qarabağ müharibəsində separatçılara vurulan güclü zərbə, görünür, bunlara dərs olmayıb. Bu dəfə Rusiya sülhməramlılarının arxasında gizlənərək oyunbazlığa hazırlaşırlar.
Maraqlıdır, qondarma rejimin oyunbazlığının arxasında nə dayanıb? Bir tərəfdən Paşinyan sülhə hazır olmaqdan danışır, o biri tərəfdən Qarabağdakı ermənilərə heç bir statusun verilməyəcəyi gündəmdədir. Belə bir situasiyada beli qırılan separatçılar yeni oyun hazırlığındadılar. Bunları kim durduracaq?
“Məsuliyyət Rusiyanın üzərinə düşür və sülhməramlıların rəhbərliyi bunu önləmək üçün qəti tədbirlər görməlidir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, bu məsələdə əsas məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür: “Məsələ ondadır ki, 44 günlük müharibədən sonra Qarabağın müəyyən ərazilərinə, o cümlədən Xankəndiyə Rusiya sülhməramlıları nəzarət edir. Düzdür, müharibədəki qələbəmizdən sonra separatçı tör-töküntüləri əvvəlki kimi 2 sentyabrı “bayram” edə bilmir. Ermənistan rəsmiləri də burada iştirak edə bilmirlər və s. Ancaq bu o demək deyil ki, arxayınlaşmaq olar. İstənilən qondarma “tədbir” erməni separatizminin dirçəldilməsinə xidmət edir. Ona görə də bütün vasitələrlə bunun qarşısı alınmalıdır. Buna görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür və sülhməramlıların rəhbərliyi bunu önləmək üçün qəti tədbirlər görməlidir. Azərbaycan indidən bununla bağlı Ermənistana xəbərdarlıq etməlidir. Rusiya qarşısında məsələ qaldırmalıdır ki, bunun qabağını alsınlar. Separatçılar hansısa şou göstərməsinlər. Əks təqdirdə separatçılar belə addımlardan sui-istifadə edərək növbəti təxribatlara hazırlaşacaqlar”.
Bir sözlə, partiya funksioneri hesab edir ki, qabaqlayıcı addımlar atılmalıdır.
Vidadi ORDAHALLI