Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.
Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.
Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Səbəbinə gəlincə, məlum olur ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər. ABŞ və Fransa diplomatlarının Şuşa konfransında iştirak etməməsi ortaya ciddi suallar çıxarır. Bu, onu göstərir ki, ABŞ və Fransa bu səfərə qatılmamaqla siyasi riyakarlıqlarını sübut edirlər. Bununla işğalçı Ermənistanın yanında durduqlarını ortaya qoyurlar. Məlum addımı atmaqla eyni zamanda, Azərbaycanın uğurlarına sevinə bilmədiklərini göstərirlər.
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, ABŞ və Fransa səfirliklərinin sərgilədiyi mövqe ikrah doğurur: “Təbii ki, onlara belə bir təlimat Vaşinqton və Parisdən gəlib. Bu, bir daha Birləşmiş Ştatlar və Fransanın Qarabağ məsələsinin həllində səmimi olmadıqlarını sübut edir. Yəni, belə destruktiv mövqe həm də Fransa və ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimi olmadığını göstərir. Bəlli olur ki, həmin dövlətlər Qarabağ məsələsinin həlli fonunda regionda dayanıqlı stabilliyin təmin olunmasında maraqlı deyillər. ABŞ və Fransa Qarabağ məsələsindən bir təzyiq vasitəsi kimi istifadə etmək istəyir. ABŞ və Fransa Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında maraqlı deyil. Əksinə, Minsk Qrupu formatını yenidən dövriyyəyə buraxmaqla problemin uzun müddət qalmasına çalışırlar. Belə olmasaydı o zaman ABŞ dövlət katibi Entoni Blinken Minsk Qrupu məsələsini yersiz formada gündəmə gətirməzdi. Minsk Qrupu üzrə ABŞ-ın xüsusi nümayəndəsini təyin etməzdi. Bütün bunlar onu göstərir ki, ABŞ və Fransa işğalçı ölkənin tərəfini tutmaqla Ermənistandan heç nə ilə fərqlənmirlər. Bu dövlətlər Cənubi Qafqazda sabitliyin bərqərar olmasında və möhkəmlənməsində maraqlı deyil”.
Vidadi ORDAHALLI