3 iyul tarixində Braziliyanın paytaxtı Brasilia şəhərində çıxan tanınmış “Correio Brazilense” qəzetində səfir Elxan Poluxovun “Azərbaycan Cənubi Qafqazdakı yeni həqiqətləri xəritəyə çıxarır və Braziliyaya qapılar açır” adlı məqaləsi dərc olunub.
Məqalədə 2021-ci ildə, gələcəyə yeni ümid və gözləntilərlə yaşadığımız bir zamanda ölkəmizin daha geniş planlarının mövcud olduğu bildirilib. Prezident İlham Əliyevin güclü rəhbərliyi altında daha yaxşı bir gələcək qurmaq üçün bütün Azərbaycan xalqının gərgin əməyi və fədakarlığı qeyd olunub.
2020-ci ildə Cənubi Qafqazda və bütün Avropada sülh və təhlükəsizliyə təhdid yaradan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının artıq sona çatmasına dair geniş məlumat verən səfir bu işğalın ağır nəticələri ilə hələ də üzləşdiyimizi və 4 iyul tarixində Azərbaycan jurnalistləri və bələdiyyə nümayəndəsinin tank əleyhinə minaya düşərək həyatını itirməsinə münasibət bildirməyə çağırmışdı. Bu hadisə ilə bağlı 8 iyun tarixində Səfirliyin təşkil etdiyi mətbuat konfransında çağırış səsimizi mediada və mətbuatda işıqlandıran, bu işdə yaxından iştirak edən bütün braziliyalılara dərin minnətdarlıq ifadə edilib.
Həmçinin məqalədə, pandemiyanın başlanğıcından bəri dünyanın çətin dövrlər yaşadığı, 2020-ci ilin 3-4 dekabr tarixlərində Prezident İ.Əliyevin şəxsi təşəbbüsü sayəsində “COVİD-19” pandemiyası ilə bağlı BMT Baş Məclisinin xüsusi iclasının keçirilməsi və ölkəmizin pandemiya ilə bağlı beynəlxalq təşkilatlar vasitəsilə və birbaşa bir çox ölkələrə dəstək verdiyi də qeyd olunub.
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə dünyada baş verən humanitar böhranlara daima öz yardım və köməyini göstərməklə yanaşı, eyni zamanda, Latın Amerikası ölkələrinə də bu istiqamətdə diqqət yetirildiyi vurğulanıb.
Qeyd edilib ki, Braziliya Azərbaycanla möhkəm əlaqələri olan Latın Amerikası ölkələri arasında lider olmaqla yanaşı, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz də, öz növbəsində, Cənubi Qafqaz ölkələri arasında Braziliya ilə ticarət əlaqələrində liderliyini qoruyub saxlamaqdadır.
Ölkələrimiz arasında əlaqələr gündən-günə artmaqla yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələrini əhatə etməsi və genişləndirilməsi üçün böyük perspektivlərin olduğu qeyd olunan məqalədə Cənubi Qafqaz bölgəsindəki yeni reallıqların Braziliya üçün imkanlar açacağına və Azərbaycanın bu yolda əsas qapı olacağına inam ifadə olunub.