Son günlərdə dünyanın diqqət mərkəzində yer alan əsas məsələlərdən biri Əfqanıstanda baş verənlərdir.
Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyət gərginləşib. Belə ki, ABŞ və NATO qüvvələrinin çəkildiyi şimal bölgələrini “Taliban” qüvvələri ələ keçirməyə başlayıb. Bundan əvvəl Birləşmiş Ştatlar prezidenti Co Bayden Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.
Belə ki, ABŞ Əfqanıstanda əməliyyatlara 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cu illərdə əməliyyatların pik zamanı Əfqanıstanda koalisiya qüvvələrinin sayı 150 mindən çox olub. İndi ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi vəziyyəti qarışdırıb. "Taliban" hərəkatının döyüşçüləri bu fonda Əfqanıstanın onlarla rayonunu nəzarət altına alıb. Hazırda taliblər ölkənin 370 rayonundan 120-nə nəzarət edir. "Taliblər" bu ilin mayından genişmiqyaslı hücum əməliyyatları keçirir və hökumət qüvvələrini tez-tez sıxışdırırlar. Bu hal Orta Asiya üçün də təhdid yaradıb. Bu fonda Tacikistan prezidenti Emomali Rahmon Əfqanıstanla sərhədin gücləndirilməsi üçün daha 20 min hərbçinin Tacikistan-Əfqanıstan sərhədinə göndərilməsinə göstəriş verib. O, Tacikistan-Əfqanıstan sərhədində siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə bağlı respublika Təhlükəsizlik Şurasının üzvlərinə, güc strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dövlətin və xalqın təhlükəsizliyinin qorunması üçün sərhəddə konkret tədbirlər həyata keçirilməsini tapşırıb. Prezident, həmçinin, dövlət sərhədinin etibarlı qorunması, baş verə biləcək hər cür təhlükənin, transmilli cinayətkarlığın, terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin reallaşması üçün də göstəriş verib. Rusiya prezidenti Vladimir Putin Emomali Rahmonla telefon danışığı zamanı bildirib ki, Kreml Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə bağlı Tacikistana yardım edəcək. Putin Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. "Taliban" hərəkatı isə bütün ölkə üzərində nəzarəti ələ keçirməkdə israrlıdır. "Taliban" hərəkatının rəsmi nümayəndəsi Süheyl Şahin bildirib ki, bütün xarici qoşunlar Əfqanıstanı müəyyən olunan zamanda tərk etməlidir. Onun sözlərinə görə, müəyyən olunan tarixdən sonra ölkədə qalan bütün hərbi kontingentlərə işğalçı kimi baxılacaq. Şahin, həmçinin diplomatların, QHT-lərin və xarici ölkə vətəndaşlarının “Taliban”ın hücumlarının hədəfi olmayacağını və onların müdafiəsinə heç bir ehtiyac olmadığını deyib. Bu fonda Türkiyə ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda Kabilin beynəlxalq hava limanında təhlükəsizliyi təmin etmək üçün yardımını təklif edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Kabil hava limanının istismarı və təhlükəsizliyinin yalnız ölkə üçün deyil, eyni zamanda, Türkiyə də daxil olmaqla, bütün diplomatik nümayəndəliklərin həyatda qalması üçün vacib olduğunu bildirib. Əfqanıstan Xarici işlər naziri Məhəmməd Hanif Atmar Türkiyənin Kabil hava limanının təhlükəsizliyini təmin etmək təklifini dəstəklədiyini bəyan edib: “Biz bunu alqışlayırıq və dəstəkləyəcəyik. Biz bunun Türkiyə və NATO, həmçinin beynəlxalq birliyin Əfqanıstana dəstəyi üçün vacib olacağına inanırıq”. NATO-nun Əfqanıstandakı yüksək mülki nümayəndəliyi vəzifəsində çalışmış Hikmət Çətin Türkiyənin münaqişənin bütün tərəfləri ilə yaxşı əlaqələr qurduğunu bildirir: “Əlbəttə ki, orada olduğum zaman “Taliban”ın gənc nəsli ilə danışırdım. Türkiyə ilə Əfqanıstan arasındakı münasibət 1920-ci illərdə başladığı üçün Türkiyəyə çox hörmət edirlər. Ancaq “Taliban” Türkiyənin xarici hərbi qüvvələrinin NATO-nun bir hissəsi olması ilə razılaşmır”. Əfqanıstandakı vəziyyəti şərh edən Rusiya Politoloqlar Cəmiyyəti Analitik Mərkəzinin direktoru Andrey Serenko isə bildirir: “Bütün koalisiya qüvvələri ilə müqayisədə Türkiyənin çox az sayda kontingenti Əfqanıstanda qaldı. Türkiyə qoşunlarının burada olmasının səbəbi daha çox siyasidir. Bu layihə, sözsüz ki, Türkiyənin və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın NATO daxilində mövqelərini möhkəmləndirir. Aydındır ki, Əfqanıstandan gələn məlumatlar Qərb üçün vacib olacaq, bu ölkədə kəşfiyyat və informasiya agentura şəbəkəsinin rolu olduqca artır. Berlin, London və ya Vaşinqtondan bu cür genişmiqyaslı işi təşkil etmək çox çətindir, ərazidə etibarlı adamların olmalıdır. Əfqanıstandan söhbət gedərkən isə, bu cür koordinatorluq rolunu məhz Türkiyə oynaya bilər”. Onun sözlərinə görə, paytaxt hava limanı hər zaman istənilən ölkədə önəmli rol oynayır: “Aydındır ki, əfqanların özləri hava limanını müdafiə edəcək, təhlükəsizliyini təmin edəcək. Lakin onlar texnoloji dəstəyə, radarlara, dispetçer xidmətinə, uçuşların təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyurlar. Bildiyim qədərilə, Kabildə Türkiyə tərəfinin mümkün köməyini məhz bu istiqamətdə nəzərdən keçirirlər. Kabil hava limanı ölkənin hava məkanına nəzarət sistemində vacib elementdir. Aydındır ki, ABŞ və NATO ölkələri tərəfindən söz verilən dəstək Əfqanıstan hökuməti üçün vacibdir və hərbi yüklər əsasən hava yolu ilə çatdırılacaq. Yeri gəlmişkən, bu səbəbdən təkcə Kabil hava limanının deyil, eyni zamanda daha əvvəl Əfqanıstana tədarüklərin şimal şəbəkəsində böyük rol oynayan Bakıdakı aviasiya qovşağının da əhəmiyyəti artacaq”.
Qeyd edək ki, 2008-ci ildə ABŞ və Pakistan arasındakı münasibətlər gərgin xarakter almağa başladıqda, Vaşinqton və müttəfiqləri Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün Rusiya və Orta Asiya üzərindən Avropadan gələn malları çatdıran Şimal Paylama Şəbəkəsi yaratdılar. 2015-ci ildə Rusiya bu malların tranziti ilə bağlı müqavilələri ləğv etdi, lakin Şimal Paylama Şəbəkəsi Gürcüstan və Azərbaycan üzərindən malları Xəzər dənizi ilə Qazaxıstana və daha sonra Özbəkistan və Əfqanıstana çatdıraraq öz fəaliyyətini davam etdirdi. Bu fonda ABŞ Hərbi Hava Qüvvələrinin Azərbaycanın hava məkanından istifadə etməklə Əfqanıstandakı ABŞ hərbçiləri üçün daşıdığı yanacaq, geyim və qida da daxil olmaqla, öldürücü olmayan avadanlıqların üçdə birindən çoxu Bakıdan keçirdi. Pakistan ABŞ üçün bağlandıqdan sonra bu yol Əfqanıstana yanacaq çatdırmaq üçün əsas vasitə oldu. Azərbaycanın NATO hərbi texnikasının Əfqanıstandan ixracı üçün istifadə oluna biləcəyi barədə yeni "Lazurit Dəhlizi" ilə bağlı müqavilənin imzalanması 15 noyabr 2017-ci ildə baş tutdu. İndi Azərbaycanın tranzit imkanlarından faydalanan əsas tərəflərdən biri Türkiyə olacaq.
Nahid SALAYEV