Prezident İlham Əliyev ABŞ prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm”.
Prezident məktubunda 44 günlük müharibənin nəticələrindən də söz açır: “Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.
Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər”.
Göründüyü kimi, Prezident ABŞ-dan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib, dayanıqlı sülhün inkişafına töhfə verməsini istəyir. Bəs, ABŞ necə, yaranmış yeni reallıqları qəbul etməkdə maraqlıdırmı?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyi sahəsində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır: “ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazdır. Azərbaycanın bu regionda xüsusi çəkisi daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir. Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır.
ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub Qaz Dəhlizi”ni qəti surətdə dəstəklədi. Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışladı. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi və kanalı hesab edir. Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir. Təhlükəsizlik məsələlərində ABŞ onun üçün həyat əhəmiyyətli prioritetlərdən olan Əfqanıstandakı missiyasına və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycanın hava məkanlarından haqqını ödəməklə istifadə edir. Son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığı Cənubi Qafqazda təhlükəsizlik məsələsini qlobal anlamda önə çıxarıb. Bölgədə təhlükəsizliyin təmin edilməsi vacib element sayılır. Bu anlamda da Qarabağda dayanıqlı sülh regionda dayanıqlı sülhə töhfədir.
Amma bunu da qəbul etməliyik ki, Bayden administrasiyası ABŞ-dakı erməni lobbi qrupları ilə aktiv çalışan administrasiyadır. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupunun bir üzvü hətta Baydenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat mətninin müəllifi idi. Baydenin bu bəyanatı Ermənistanın Bərdədə mülki əhaliyə qarşı etdiyi amansız hücum günü səsləndirilib.
ABŞ Konqresindəki erməni lobbisinin daha çox əməkdaşlıq etdiyi partiya hər zaman Demokratlar Partiyası olub. Bu proseslər əsasında görünən odur ki, Baydenin hakimiyyəti dönəmində Azərbaycan-ABŞ münasibətlərində müəyyən təzadlı məqamlar olacaq. Prezidentin 44 günlük müharibədən sonra yeni reallıqların qəbul olunması haqqındakı qeydi də, məhz bu məqama vurulan eyhamdır.
Lakin buna baxmayaraq, istənilən ABŞ prezidenti ölkəsinin maraqları çərçivəsində Azərbaycanla qurulan münasibətlərin yaxşı olmasına çalışır.
ABŞ-da məhz bu lobbi qrupunun təsiri altında 44 günlük Vətən müharibəsi sonrası 10 noyabr bəyanatının şərtlərini yanlış göstərmə cəhdləri var.
ABŞ-ın erməni lobbisi ilə əməkdaşlıq edən xarici siyasət komitələrində mövqeləri olan konqresmenlər keçid rolunu oynayan qlobal kommunikasiyaların əhəmiyyətini fərqli göstərməyə çalışırlar. Bundan isə, əlbəttə, üçüncü tərəf faydalanır. Halbuki, hər iki dəhlizin imkanları ilə bölgədə yeni reallıqlar formalaşdırılır.
Məktubda diğər bir məqam ABŞ investorlarının dəvət olunması haqqındadır. Yeni reallıqlarda mövqelərini möhkəmlədən Azərbaycan yeni şərtlər irəli sürməklə regiona iqtisadi tərəfdaşlar cəlb edir və bununla da bölgəyə nəzarət imkanlarını genişləndirir və möhkəmlədir”.
Məhəmmədəli QƏRİBLİ