Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında deyilir: “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir. Humanist addım olaraq, Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib”.
Bununla Ermənistan ikinci dəfədir ki, Azərbaycan tərəfinə minalarla bağlı xəritə təqdim edir. Birinci xəritəni verəndə də onun müqabilində Azərbaycan müəyyən sayda erməni diversantını Ermənistana təhvil vermişdi. Hazırda da analoji hal yaşanır. Sanki Ermənistan üzərinə düşən beynəlxalq öhdəliyi bir alver predmetinə çevirib. Niyə beynəlxalq dairələr Ermənistanı bu məsələdə konstruktiv mövqeyə dəvət etmir ki, heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini bizə təhvil versin?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın üzərinə götürüdüyü öhdəliklərə əməl etməməsi yeni hal deyil: “44 günlük müharibədən sonra isə Ermənistanın iç üzü daha da açılıb. Həmin ölkənin minaların xəritəsilə bağlı ortaya qoyduğu mövqeyə siyasi əxlaqsızlıqdan başqa ad vermək olmaz. Bu ölkə illər ərzində ərazilərimizi işğal altında saxlayanda da heç bir beynəlxalq öhdəliyə əməl etməyib. Hazırda Ermənistan alver təxəyyülü ilə hərəkət edir. Azərbaycan bütün vasitələrdən istifadə edir ki, əhalisinin, ordusunun təhlükəsizliyini təmin etsin. Lakin Ermənistan öz üzərinə düşən məsuliyyətdən yayınır. Öhdəliyin icrasını üzərinə götürən tərəf Rusiyadır. Həmin ölkə mövcud vəziyyətin ədalətli şəkildə həlli yönündə ciddi addım atmır. Hətta sərhədlərin müəyyənləşməsilə də bağlı Rusiyanın konkret addımları yoxdur. Ermənilərin yaraqlı dəstələri hələ də Qarabağ ərazisində qalmaqdadır və provokasiya ilə məşğul olurlar. Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı cinayətlər törədən adamlar Qarabağ ərazisində qalıb, fəaliyyətlərini davam etdirirlər. Buna görə də, onların ayağı mina ilə bağlı məsələdə də yer alır. Üzərlərinə düşən öhdəliyi alver predmetinə çevirərək həyata keçirirlər. Rusiya və beynəlxalq birlik bu məsələdə Ermənistana təzyiqlərini artırmalıdır. Bu gün Ermənistan və onların havadarları yaxşı anlayırlar ki, qarşılarındakı Azərbaycan 30 il öncəki kimi zəif və pərakəndə orduya sahib ölkə deyil. Ulu öndər Heydər Əliyev tərəfindən başlanılan ordu quruculuğu Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edilən və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. İnanıram ki, bu proses davam etdiriləcək, işğaldan azad olunmuş digər ərazilərimizin mina xəritəsi də növbəti günlərdə Ermənistandan alınacaq və məcburi köçkünlərimiz doğma yurdlarına daha tez qovuşacaqlar".
Məhəmmədəli QƏRİBLİ