Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Milli təhlükəsizlik strategiyasını təsdiqləyib.
Rusiya Federasiyasının Milli təhlükəsizlik strategiyası Rusiyanın milli maraqlarını və strateji milli prioritetlərini, uzunmüddətli perspektivdə milli təhlükəsizliyin gücləndirilməsinə və davamlı inkişafının təmin edilməsinə yönəlmiş daxili və xarici siyasət sahəsindəki hədəfləri, vəzifələri və tədbirləri müəyyənləşdirən əsas strateji planlaşdırma sənədidir. Strategiyanın əvvəlki versiyası Rusiya Federasiyası Prezidentinin 31 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilib. Strategiyanın yeni versiyası bu ilin may ayının sonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin o vaxt söylədiyi kimi, yenilənmiş strategiya Rusiya xalqının həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qorunmasına, Rusiya Federasiyasının müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə, Rusiya cəmiyyətinin daxili birliyinə və həmrəyliyinə kömək üçün, milli inkişaf hədəflərinə nail olmaq, ölkənin rəqabət qabiliyyətini və beynəlxalq nüfuzunu artırmaq məqsədilə hazırlanıb.
O cümlədən, sözügedən strategiyada belə bir fikir var - biz MDB üzvləri, Çin və Hindistanla əməkdaşlığı dərinləşdirməliyik. Qərb MDB-ni parçalamaq və Rusiyanı ənənəvi müttəfiqlərdən ayırmaq istəyir.
Maraqlıdır, bütün bu deyilənlərin fonunda, MDB üzvü kimi Azərbaycanın müstəqilliyinə təhlükə varmı?
“...yeni bir əməkdaşlıq platforması yaradır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiyanın Xarici siyasət strategiyası əsasən Vaşinqton yenidən fövqəl dövlət siyasətini ortaya qoyduqdan sonra ortaya çıxdı. Göründüyü kimi, Moskva konkret olaraq öz strategiyasında MDB və postsovet ölkələri üzrə təsir mexanizmini müəyyənləşdirib. Təbii ki, bura KTMT və Avrasiya İqtisadi İttifaqını inkişaf etdirmək, yeni üzvlər cəlb etmək daxildir. Düşünürəm ki, bu xarici strateji xətt Azərbaycanın da yer aldığı regionu əhatə edir. Ancaq bunun Azərbaycana təsirlərinə gəldikdə isə, bu mümkün olmayacaq. Azərbaycan Türkiyə ilə sıx siyasi-hərbi və iqtisadi əməkdaşlığa malikdir. İki ölkə yeni bir əməkdaşlıq platforması yaradır. Azərbaycan Türkiyə ilə konfederasiya kimi müəyyən əlaqələrdə koordinasiyalı çalışacaq. Bu baxımdan düşünürəm ki, Rusiyanın yeni xarici strategiyası Azərbaycanın müstəqilliyinə qarşı təhdid olmayacaq”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət apardığı üçün hansısa təhlükə yoxdur.
Vidadi ORDAHALLI