Məlum olduğu kimi, Aleksandr Lukaşenko iyulun 2-də Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda Belarusda "yatan" terror yuvalarının aşkarlandığını və bu işdə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olduğunu deyib.
“Bu gün "yatan" terror yuvaları, yəni özünümüdafiə bölmələri aşkarlanıb. Bu yuvaların məqsədi X günündə hakimiyyətin zorla dəyişdirilməsidir. Onlar özləri hələ X gününün nə vaxt olduğunu bilmirlər, sadəcə, xalqımızı o günə yönləndirmək lazımdır” - deyə, Lukaşenko bildirib.
O bu işdə əli olan ölkələri sadalayıb: Almaniya, Ukrayna, ABŞ, Polşa və Litva. Bu səbəbdən Lukaşenko Sərhəd Qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdığını açıqlayıb: “Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə Sərhəd Qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdım”.
Bununla yanaşı, Lukaşenko Almaniyanı ittiham edib. Lukaşenko Almaniyanın tam olaraq necə iştirak etdiyini izah etməyib. Almaniya hökumətinin rəsmiləri Almaniya Xarici İşlər Nazirliyindən Andrea Sasse və Federal Kansler Ofisindən Martina Fietz Lukaşenkonun açıqlamalarını şərh etməkdən imtina ediblər.
O da məlumdur ki, Lukaşenkonun düşmən elan etdiyi və sərhədləri bağladığı ölkələrin Azərbaycanla münasibətləri çox yaxşıdır. Belə bir vəziyyətdə biz nə edəcəyik və etməliyik?
“Güman edirəm ki, Azərbaycan tərəflər arasında vasitəçi ola bilər”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Azərbaycan belə mürəkkəb situasiyada tərəflər arasında vasitəçi ola bilər: “Aleksandr Lukaşenkonun adıçəkilən dövlətlərlə bağlı məlum tədbirləri, onun təbirincə desək, Belarusun dövlət maraqlarından irəli gəlir. Qərb Belarusdakı mövcud hakimiyyəti qeyri-legitim hesab edir. Müxtəlif vasitələrlə Lukaşenkoya qarşı olan müxalif qüvvələri maliyyələşdirirlər. İnsan hüquqlarına dəstək adı altında Belarusun daxili işlərinə qarışırlar. Aydın məsələdir ki, bütün bunlar Rusiyanı da narahat edir. Digər tərəfdən, bu günlərdə Qara dənizdə Böyük Britaniyanın Rusiyaya yönəlik provokasiya cəhdləri göstərir ki, Qərb özü Rusiya ilə zamanında əldə etdiyi razılıqları kobud şəkildə pozur. Söhbət ondadır ki, bir vaxtlar Qərb NATO-nun Şərqə doğru genişlənməyəcəyini bəyan edirdi. Ancaq bu vədinə əməl etmir. Nəticədə tərəflər arasında münasibətlər gərginləşir. Azərbaycana gəldikdə isə burada məsələ fərqlidir. Məsələ ondadır ki, Azərbaycanın həm Belarusla, həm də sadalanan ölkələrlə münasibətləri yaxşıdır. Sözügedən münasibətlərin qurulması, ilk növbədə, Azərbaycanın dövlət maraqlarına hesablanıb. Bu baxımdan, ölkəmizin seçim qarşısında qalacağını düşünmürəm. Çünki Azərbaycanın xarici siyasəti çoxvektorludur. Bu o deməkdir ki, yeridilən siyasət Azərbaycanın dövlət maraqlarından irəli gəlir. Güman edirəm ki, Azərbaycan tərəflər arasında vasitəçi ola bilər. Çünki dəfələrlə NATO və Rusiya arasında münasibətlərdə mövcud problemlərin həlli üçün Bakı görüş yeri olaraq seçilib. Bu da Azərbaycana hər iki güc mərkəzinin yüksək etimadının göstəricisidir”.
Politoloq onu da qeyd etdi ki, sözügedən məsələdə Azərbaycana problem yaranmayacaq.
Vidadi ORDAHALLI