Azərbaycan Ombudsmanının 2 yaşlı Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında bildirilib ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib.
Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən, uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
İllərdir Azərbaycan bu barədə dünyaya çağırış edir, məlumat verir, amma nə UNİSEF, nə də başqa uşaq təşkilatları, beynəlxalq qurumlar Azərbaycanın bu çağırışlarına reaksiya vermək istəmirlər. Bu da belə təəssürat yaradır ki, sanki bizim bu haqlı çağırışlarımız sərhəddən o yana keçmir.
Azərbaycanlı uşaqların faciəsinə laqeyd yanaşmaq, səsimizə səs verməmək beynəlxalq təşkilatların ermənipərəstliyinin nişanəsidir.
“Bu uşaqlar erməni, fransız, amerikalı olsaydılar, indi dünyanın səs-küyündən qulaqlarımız batardı”
“Müasir İnkişaf” Birliyinin rəhbəri, politoloq Mübariz Göyüşlü bizimlə söhbətində vurğuladı ki, ümumiyyətlə, ombudsmanın bəyanatında, çağırışında çox ciddi məsələlər əks olunub. M.Göyüşlünün sözlərinə görə, müharibə, münaqişə zonalarında uşaq ölümü məsələsinə beynəlxalq təşkilatlar tərəfindən həssaslıq göstərilir, yaxud göstərilməlidir. O qeyd etdi ki, Azərbaycan uşaqları müharibə bölgəsində deyil, müharibədən kənarda baş verən erməni terroru nəticəsində həlak olublar. “Bu uşaqlar döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən şəhərlərimizdə, rayonlarımızda erməni gülləsinə, atəşinə məruz qalıblar. Ermənilər müharibə bölgəsindən kənarda yerləşən mülki obyektləri, yaşayış binalarını dəfələrlə atəşə tutublar, ölən və yaralananlar arasında uşaqlarımız da olub. Erməni terrorunun qurbanı olan azərbaycanlı uşaqların faciəsini görməzdən gələn dünya təşkilatları susmaqda davam edirlər. Halbuki, başqa ölkələrdə bu kimi hadisələr baş versəydi, indi həmin beynəlxalq təşkilatlar bəyanatı bəyanat ardınca verərdilər. Amma bu, azərbaycanlı uşaqlara qarşı olduğu üçün dünya ikili yanaşmanı davam etdirir. Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olanlar və yaralananlar arasında uşaqlar da olub, Gəncədə həlak olan və yaralanan uşaqlarla bağlı UNİSEF alayarımçıq, ümumi kiçik bir bəyanat yaymışdı, hadisənin Ermənistan tərəfindən törədildiyini vurğulamamışdı. Bu da ikili standartın təzahürüdür. Bu uşaqlar erməni, fransız, amerikalı olsaydılar, indi dünyanın səs-küyündən qulaqlarımız batardı, dünya mediası bar-bar bağırardı, bu terror müsəlmanlar tərəfindən edilsəydi, müsəlmanlardan “terrorçu” obrazının yardılması üçün beynəlxalq aləm dəridən-qabıqdan çıxardı. Amma məsələ azərbaycanlıya-türkə, müsəlmana aiddirsə, UNİSEF də, başqa beynəlxalq təşkilatlar da, xarici dövlətlər də, hüquq müdafiəçiləri də kar və kor olurlar”.
M.Göyüşlü hesab edir ki, müharibə bölgəsindən kənarda yerləşən mülki yerləri, obyektləri, yaşayış məkanlarını raket atəşinə tutan Ermənistanın uşaqlarımızı hədəfə alması dünyanı sarsıtmadı.
Xocalı faciəsi zamanı da bizə qarşı bu cür ikili standartların sərgiləndiyini deyən ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin səyləri nəticəsində bəzi dövlətlər Xocalı soyqırımını tanıdılar. “Biz beynəlxalq aləmin, beynəlxalq təşkilatların laqeydliyini tariximizdə çox görmüşük. Onlar sanki bizi bu laqeydliyə, ikili yanaşmaya alışdırıblar. 30 il torpaqlarımızın işğalına laqeyd qaldılar, amma ərazilərimizi özümüz işğaldan azad etdik, ədaləti özümüz bərpa etdik. Beynəlxalq təşkilatlar nə qədər laqeydliklərini davam etdirirlərsə, biz də o qədər mübarizəmizi gücləndirməliyik, dünya uşaq qatili Ermənistanı layiq olduğu şəkildə cəzalandırana qədər bu ölkənin cinayətlərini dünyaya yaymalıyıq. Ermənistan müharibə bölgəsindən kənarda uşaqlarımıza qarşı törətdiyi qanlı terrora görə beynəlxalq hüquq müstəvisində cəzasını almalıdır. Məncə, biz bu günü görəcəyik” - deyə ekspert vurğuladı.
İradə SARIYEVA