Yayılan məlumatlara görə, Ermənistan “Sərhədsiz reportyorlar”ın sorğusunu cavablandırmaqdan imtina edib. Mətbuatın yazıdığına görə, İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi, Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə “Sərhədsiz reportyorlar” təşkilatının bu ölkədəki nümayəndəliyinin saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib.
“Modern.az”ın məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir: "Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur".
"Sərhədsiz reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir: "Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək".
J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib.
Qeyd edilib ki, Ermənistan hakimiyyəti "Sərhədsiz reportyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.
Ermənistan hakimiyyətinin "Sərhədsiz reportyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılması ilə bağlı sorğusuna cavab verməkdən imtina etməsinin səbəbi nədir, cinayətlərini boynuna almaq istəmir, yoxsa beynəlxalq təşkilatları saymır?
Bu halda, “Sərhədsiz reportyorlar” niyə susur?
“Burada təəccüblü heç nə yoxdur”
Siyasi şərhçi Azər Həsrət hesab edir ki, Ermənistan hökuməti bu sorğuya cavab verməklə törətdiyi cinayətləri etiraf etmiş olacaq, odur ki, susub: “Burada təəccüblü heç nə yoxdur. Çünki Ermənistan cavab verəcəyi təqdirdə özünə nə ilə haqq qazandıracaq? Bu ölkənin özünə haqq qazandırması üçün heç bir imkanı yoxdur, hər şey onun əleyhinədir. Kəlbəcərdə də, digər ərazilərimizdə də minaları Ermənistan basdırıb, üstəlik, ortada təmizlənmiş əraziyə sonradan mina basdırılması söhbəti də var. Buna da izah vermək lazımdır. Çünki partlayış baş verən ərazi işlək bir yoldur və Ermənistan terrorçuları, silahlı birləşmələri, ola bilsin, o ərazilərə yenidən sızıb orada minaları basdırmış olsunlar. Ermənistan bütün bunların izahını verməlidir. Əlbəttə, Ermənistanın heç bir izahı yoxdur. Ümumiyyətlə, Azərbaycan torpaqlarına yüz minlərlə mina döşəməsini Ermənisan dünyaya izah edə bilməz. Bu baxımdan, “Sərhədsiz reportyorlar”ın, yaxud bənzər təşkilatların sorğularına cavab vermək Ermənistan üçün, sadəcə olaraq, mümkünsüzdür. Yəni izah yoxdur. Düşünürəm ki, buna görə də Ermənistan dövlətinin rəhbərliyində olan şəxslər “Sərhədsiz reportyorlar”ın sorğusuna cavab verə bilmirlər. Cavab verəcəyi təqdirdə Ermənistan etiraf etməli idi ki, bəli, biz Azərbaycan torpaqlarını başdan-başa minalamışıq, azərbaycanlı jurnalistlər də məhz bizim basdırdığımız minalardan birinə düşərək həlak olublar. Ermənistan “Sərhədsiz reportyorlar”ın sorğusuna cavab versəydi, gərək bütün cinayətlərini beynəlxalq ictimaiyyət qarşısında etiraf edəydi, amma bunu etməkdən imtina edib”.
A.Həsrət hesab edir ki, Ermənistan heç bir cinayətini etiraf etmədiyi kimi, bu cinayətini də etiraf etməyib. “Ermənistan “Sərhədsiz reportyorlar”a cavab verməkdə çətinlik çəkir. Ümumiyyətlə, “ən yaxşı cavab susmaqdır” deyib, cavab verməyi inkar edir” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA