Azərbaycanın ötən il Vətən müharibəsində qazandığı tarixi zəfər dünya hərb elminə də bir sıra mühüm yeniliklər gətirdi. Bura, heç şübhəsiz, ilk növbədə pilotsuz uçan aparatlardan (PUA) istifadə daxildir.
Azərbaycanın Qarabağ zəfərindən sonra həm PUA-lara dünyada böyük maraq artıb, həm də ölkəmizin ondan necə istifadə etməsi diqqətlə öyrənilir. Elə Azərbaycan özü də bu sahədə təcrübəsini dərinləşdirir. Ölkəmiz həm də xaricdən PUA alışını genişləndirir, bu istiqamətdə yerli istehsalın həcmini artırır. Yaxın perspektivdə Azərbaycan Rusiya istehsalı olan bir sıra mühüm PUA-ların da alışını reallaşdıra bilər. Bunu rus hərbi ekspert Aleksandr Xrolenko da istisna etmir. Rusiya isə son dövrlərdə PUA istehsalında mühüm addımlar atır. Aleksandr Xrolenko bu xüsusda qeyd edir: “Rusiyada ilk dəfədir ki PUA-ların kütləvi istehsalına başlanır. Belə ki, "Kronştadt" şirkətlər qrupunun məhsulu olan "Orion" PUA-larının istehsal xətti elm şəhəri olan Dubnada qurulur. Zavod rekord şəkildə qısa müddətdə inşa edilir və 2021-ci ilin noyabrında artıq işə başlayacaq. "Kronştadt" şirkətlər qrupunun dronlarının ixrac üçün istehsalına isə 2022-ci ildə başlanacaq.
Hesab olunur ki, Rusiyanın beynəlxalq PUA-lar bazarında ilk debütü Myanmaya "Orlan-10" aparatlarının satışı ilə bağlı müqavilədir. Lakin Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkşisi Vladimir Kojin bundan əvvəl bildirirdi ki, Rusiya xaricə PUA-ların satışı ilə bağlı 5-dən çox müraciəti nəzərdən keçirir. PUA-ların istehsalı dünyada ən yüksək texnoligiyalara əsaslanan və güclü inkişaf edən istiqamətdir. Rusiyanın da bu istiqamətə ciddi diqqət yetirməsi qanunauyğun haldır. Nəticələr göz qabağındadır – fevral ayında Əbu-Dabidə keçirilən IDEX 2021 beynəlxalq sərgisi xarici tərəfdaşların Rusiya stendlərində əsasən kəşfiyyat və həmlə təyinatlı pilotsuz texnikaya marağını aşkar etdi. Silah ixracında Moskva ənənəvi olaraq dünyada ikinci yeri tutur ki, bu da bazarın 15%-i deməkdir, Rusiya istehsalı olan məhsullar isə taktiki-texniki göstəricilərinə görə Qərb məhsullarından geri qalmır, qiymətdə isə daha ucuzdur. "Rostex"in rəhbəri Sergey Çemezovun sözlərinə görə, Rusiya PUA-larının fərqli cəhəti onlara süni intellektin inteqrasiya olunmasıdır. Məsələn, həmlə PUA-sı hədəfi müstəqil şəkildə müəyyən etməyə, nişan almağa və bombardman etməyə qadirdir. Suriya ərazisindəki döyüş əməliyyatlarında özünü yaxşı göstərmiş "Orlan-10" PUA-sı 2010-cu ildən Rusiya ordusunun istifadəsindədir. Bu aparat 18 saat ərzində havada qalmağa qadirdir. "Orlan-10"un kəşfiyyatçı variantı 140 km məsafədə məlumatların etibarlı şəkildə ötürülməsini təmin edir. Onun faydalı yük bölməsində müxtəlif cihazlar, gündüz və infraqırmızı kameralar, üçölçülü kartoqrafik çəkilişlər üçün avadanlıq, artilleriya atəşinin korreksiya edilməsi və raket sistemlərinin hədəfi nişana alması üçün lazer nişanlayıcıları yerləşdirilə bilər. Bütün bunlardan əlavə, "Orlan-10" kompleksinin qiyməti də ucuzdur.
Rusiyanın "Orion-E" həmlə PUA-sını mütəxəssislər beynəlxalq bazarda ən yaxşı təklif adlandırır. "İnoxodes" adlanan bu kompleks Rusiya ordusunun istifadəsindədir və döyüş şəraitində – Suriya Ərəb Respublikasında terrorçulara hava zərbələrində sanaqdan çıxarılıb. "Orion" orta hündürlüklərdə və daha uzun müddət – 24 saata qədər havada qala bilən aparatdır. Onun həmlə modifikasiyası universal komplekslə, idarə olunmayan və korreksiya olunan aviabombalarla, yerdəki stasionar və hərəkətdə olan hədəfləri, zirehli texnikanın, nəqliyyat vasitəsinin və düşmənin canlı qüvvəsinin məhv edilməsi üçün müxtəlif idarə olunan raketlərlə təchiz oluna bilər. Onun havaya qalxa biləcəyi maksimum çəkisi 1150 kq, sürəti 200 km/saat, maksimum uçuş hündürlüyü 7 km-dir. Aparatın döyüş üçün yükgötürmə qabiliyyəti 200 kq-dır. "Rosoboroneksport"da qeyd edirlər ki, "Orion" unikal taktiki-texniki xüsusiyyətlərə və döyüş imkanlarına, eləcə də böyük ixrac potensialına malikdir. Drona, böyük ehtimal ki, MDB ölkələrində böyük tələbat olacaq.
Rusiyaya məxsus yeni, ağır "Altius" PUA-sı ilk dəfə məhvetmə vasitələrini iyunun 25-də tətbiq edib, poliqon sınaqları zamanı yerdəki hədəflərə bomba zərbəsi endirib. Hazırda aparatın tankların, yüngül zirehli texnikanın, artilleriya mövqelərinin, bir yerə cəmlənmiş canlı qüvvənin müxtəlif tipli sursatlarla məhv edilməsi imkanları sınaqdan çıxarılır. "Altius"un arsenalında sərbəst düşən, nizamlanan və idarə olunan kiçik çaplı aviabombalar, idarə olunan raketlər var. Bu "ağır" tipli PUA orta hündürlüklərdə uçan və uzun müddət, iki sutkaya qədər havada qala bilən aparatlar qismindəndir. O, havaya qalxarkən maksimum çəkisi 6 tondur və göyərtəsində 1 tona qədər faydalı yük daşımağa qadirdir. İki turbinli mühərriklə təchiz olunmuş PUA-nın qanadlarının uzunluğu 30 m-dir və o, 14 km-ə qədər hündürlükdə uça bilir.
"Altius" PUA-sının bir neçə modifikasiyası var. PUA onu qlobal məsafələrdə idarə etməyə imkan verən peyk rabitəsi sistemi ilə təchiz olunub. Onun döyüş radiusu 500 km-ə qədərdir. Mütəxəssislərin proqnozlarına görə, inkişaf etmiş silahları ilə birlikdə bu aparat həm səmada, həm də beynəlxalq bazarda ən yaxşı analoqları ötüb keçməyə qadirdir. Rusiya istehsalı olan "Oxotnik" PUA-sı bu yaxınlarda istifadəyə verilib, hələ ki, intellekt və həmlə imkanlarını inkişaf etdirir, amma yenə də analoji aparatların şərti Olimpində uçuş və döyüş xüsusiyyətlərinə görə bütün rəqiblərini geridə qoyur. Beləliklə, bu aparat həmlə aviasiyasının strategiya və taktikasını yenidən yazmağa qadirdir. O, "ağır" tipli İsrail istehsalı olan "IAI Eitan", Türkiyə istehsalı olan "Bayraktar Akıncı" və ABŞ-ın MQ-9А "Reaper" aparatları ilə müqayisə olunmalıdır. Lakin uçuş məsafəsi, sürət və həmlə imkanlarına görə bu müqayisədə rəqiblər məğlub olacaq. Aparatın bənzərsiz uçuş məsafəsi və müxtəlif silahları var. O, daxili bölmələrində 5000 km məsafəyə kəşfiyyat vasitələri, 6 ton bomba və ya "hava-səth" və "hava-hava" tipli raketlər daşımaq qabiliyyətindədir. Yükgötürmə qabiliyyətinə görə ona bir qədər yaxın olan “IAI Eitan” göyərtəsinə cəmi 2 ton sursat götürməyə qadirdir (yəni düşmənin radarlarında aşkar olunacaq). Döyüş şəraitində "Oxotnik" İsrail, Türkiyə və ABŞ-ın üç ədəd bu cür aparatını əvəz etməyə qadirdir. Bu gözəgörünməz aparatın döyüş təyinatı uzaq məsafələrə kəşfiyyat uçuşları və düşmənin müdafiəsinin dərinliklərindəki obyektlərə yüksək dəqiqliklə zərbələrin endirilməsidir.
"Oxotnik" turboreaktiv mühərriklə təchiz olunub və uçan qanad formasındadır. Uzunluğu 14, qanadlarının uzunluğu 19 metr olan bu aparatın havaya qalxma çəkisi 20 tondur. Sürəti 1000 km/saata çatan bu aparat ən yaxın rəqibi olan “MQ-9А Reaper”i (480 km/saat) ən azı iki dəfə geridə qoyur. Onun ehtimal olunan maksimum uçuş hündürlüyü 20 km təşkil edir. "Oxotnik"in əsas xüsusiyyəti isə beşinci nəsil Su-57 təyyarəsinə dəstək göstərmək qabiliyyətidir. Bir müddət əvvəl "Forbes" yazıb: “ABŞ-ın “MQ-9 Reaper” PUA-sından fərqli olaraq, Rusiyanın kəşfiyyat-həmlə dronu heç bir HHM sistemləri olmayan üsyançılarla mübarizə üçün deyil, tammiqyaslı hərbi münaqişələr üçün nəzərdə tutur. Bu PUA üçün daxili hipersəs "hava-hava" və "hava-səth" raketləri hazırlanmaqdadır. 2021-ci ildə Rusiyanın döyüş aviasiyası yüksək dəqiqliyə malik sursatlar alacaq. Hərbi sənaye kompleksinin rəhbəri Yuri Slüsarın sözlərinə görə, Rusiya hava-kosmik qüvvələri "Oxotnik"ləri kütləvi şəkildə 2024-cü ildən almağa başlayacaq. Bundan sonra isə PUA da Su-57 kimi ixrac modifikasiyasında dünya silah bazarına çıxa bilər”.
Ramil QULİYEV