Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.
Hikmət Hacıyev məqaləsində Minsk Qrupunun fəaliyyətinə də toxunub: “Bölgədə baş verən bu transformasiya prosesində ümid edirik ki, 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan və vasitəçi orqan olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi olacaq”.
O qeyd edib ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında qarşıdakı illərdə etimadın artırılmasında mühüm rol oynaya bilər.
Qeyd edək ki, Minsk Qrupunun yeni konfiqurasiyadakı fəaliyyətilə bağlı yeni yanaşmanın olması istəyini Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında da söyləyib:
"Biz gözləyirik ki, ATƏT-in Minsk Qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm, elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub".
Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupu barədə səsləndirdiyi bu fikirlər həmsədrlərin postmüharibə dövründəki rolu ilə bağlı məsələlərə diqqət çəkir. Azərbaycan tərəfi ATƏT-in torpaqların qaytarılması və statusun müəyyən edilməsi ilə bağlı funksiyalarını başa çatmış hesab edir. Biz hesab etmirik ki, Minsk Qrupu bundan sonra hər hansı bir ərazinin qaytarılması barədə fəaliyyət göstərməlidir. Çünki indiki ərazilər və hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilər müyyən müddət sonra bizim tam nəzarətimizdə olacaq. Status məsələsi isə artıq uzaq keçmişdə qalan məsələlərdən biridir. Azərbaycan rəsmi dairələri ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün fəaliyyət yeri göstərir. Həmsədrlər gələcəkdə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, həmçinin Qarabağın bərpa prosesində iştirakçılıq kimi funksiylarda iştirakçı ola bilərlər. Onlar beynəlxalq donorlar konfransının təşkili və yardımların edilməsi kimi funksiyaları fəaliyyət sahəsinə daxil edilə bilərlər. Ancaq maraqlıdır ki, bəzi ermənipərəst dairələr və Ermənistanın özü Minsk Qrupunun gələcək fəaliyyətini Qarabağdakı ermənilərə statusun verilməsilə bağlı proseslərdə iştirakda görmək istəyir. Prezidentin və onun köməkçisi Hikmət Hacıyevin mövqeyindən görünür ki, Minsk Qrupu Azərbaycanın təklif etdiyi yol xəritəsilə hərəkət etsə, mandatını saxlaya bilər.
Məhəmmədəli QƏRİBLİ