Xəbər verildiyi kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 39 onlayn media subyektinə (veb-saytına) aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı verilib. Bu arada media müsabiqəsində qalib gəlməyən bəzi saytlar qalib gələnləri qaralayırlar. Buna etiraz edirlər. Qalib gələn 39 saytın hamısını hədəfə alırlar. İddia edirlər ki, guya burada haqsızlıq olub və yardım alan saytlar buna layiq deyillər.
Maraqlıdır, maliyyə yardımı alan sayt rəhbərlərinin buna münasibəti necədir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “Missiya.az” saytının baş redaktoru Nicat Dağların fikrincə, müsabiqədə qalib olmayanlar növbəti dəfə müsabiqədə iştirak edəcəklər: “Qalib olmadıqlarına görə qalib olanları hədəfə almaq doğru deyil. Nəzərə almaq lazımdır ki, xəbər istehsalı əsasən elektron medianın üzərinə düşür. Azərbaycanda cəmiyyətin informasiyaya olan ehtiyacı əsasən elektron platformalar üzərindən həyata keçirilir. Medianın İnkişafı Agentliyi bu reallığa söykənərək müstəqil media tarixində ilk dəfə olaraq elektron media vasitələrinə dövlət dəstəyini təmin edib. Müsabiqənin nəticələrinə normal yanaşıram. Hesab edirəm ki, doğru dəyərləndirmə aparılaraq saytlara vəsait ayrılıb. Bu, yeni bir başlanğıcdır və inkişafa xidmət edəcək daha böyük yeniliklər gözləyirik. Müsabiqənin nəticələrinə fərqli münasibətin sərgilənməsi müəyyən mənada təbiidir. Ona görə ki, istənilən müsabiqədə belə hallar olur. Ancaq bu kimi məsələlərdə obyektiv olmaq lazımdır. Hesab edirəm ki, növbəti mərhələlərdə qalib olmayan saytlar müsabiqədə yaxşı nəticə göstərəcəklər”.
Vidadi ORDAHALLI