Medianın İnkişafı Agentliyinin siyahısında yer alan onlayn media subyektləri arasında 2008-ci ildən fəaliyyət göstərən “Sia.az” da var.
Medianın İnkişafı Agentliyinin saytlar arasında keçirdiyi müsabiqənin nəticələrini tənqid edənlərin arqumentlərinin əsassız olduğunu deyən “Sia.az”ın baş redaktoru Bəhruz Quliyev baki-xeber.com-a bildirdi ki, qaralama kampaniyası aparan saytların çoxunun nə kollektivinin sayı və peşəkarlığı, nə də yaranma yaşı bu cür davranışlara, iddialara əsas verir. B.Quliyev qeyd etdi ki, agentlik ilk dəfədir saytlarla, onlayn media ilə bağlı müsabiqə keçirib. “Bu, yeni dönəmin, eranın başlanğıcıdır. Hesab edirəm ki, kimlərinsə bu müsabiqə ətrafında qaralama kampaniyası aparması və manipulyasiya etməsi yolverilməzdir, buna səhv addım, yanaşma kimi baxıram. Medianın İnkişafı Agentliyinin seçimi düzdür. Agentlik, ilk növbədə, illərdir mövcud olan, oturuşmuş, təcrübəli, ictimai fikrə təsir edə bilən agentliklərin, saytların, portalların inkişafına maliyyə dəstəyi verib. Bu müsbət haldır. “Səs” informasiya agentliyinə gəlincə, müstəqil agentliklər arasında “Sia”nın tarixi qədər tarixi olan bir neçə portalın, agentliyin tarixi var. 2008-ci ildə seçki ərəfəsində yaradılıb, 13 ildir 3 dildə fəaliyyət göstərir, yeni və böyük layihələr, “dəyirmi masa”lar keçirib, sosial problemlərlə bağlı araşdırmalar aparıb, böyük tədbirlər təşkil edib, bunu ictimai müzakirəyə çıxarıb. Yəni demək istəyirəm ki, agentliyin tarixi, oxucu auditoriyası, ictimai fikirdə oynadığı rol göz qabağındadır. “Sia.az”ın dünənki, iki gün, yaxud 2 il bundan əvvəl yaradılan saytla, portalla müqayisə edilməsi ədalətsizlikdir. Portal belədir ki, nə istəsə verə bilir, istədiyi məlumatı sensasiya şəklinə salaraq da təqdim edir, onlar reytinqə işləyir, kollektivinin sayı da çox azdır. Oturuşmuş kollektivə malik olan “Sia.az”da isə 30-35 nəfər əməkdaşımız var, təqdim edilən məlumatların hamısı dəqiqləşdirilib verilir, qərəzsizlik, obyektivlik əsasdır. Böyük kollektivi olan agentliklə iki-üç işçisi olan portalın, saytın müqayisə edilməsi mənə gülməli gəlir. Müsabiqədə qalib gələn saytlar monitorinqlər, araşdırmalar nəticəsində müəyyən edilib, ictimai rəyə təsir, jurnalistikada oynadıqları rol və sair əsas götürülüb, onların hər birinin mətbuatımızda ayrıca yeri var. Biz sayğaca, reytinqə, AYPİ-yə işləmirik. Biz real, əsaslandırılmış informasiya veririk, oxucu auditoriyasını düzgün istiqamətə yönəldirik.
Medianın İnkişafı Agentliyinin maliyyə ayırdığı qəzetlər də, saytlar da həqiqətən şəffaf keçirilən monitorinqin, araşdırmanın nəticəsində müəyyən ediliblər”.
B.Quliyev qeyd etdi ki, bu gün maliyyə almayan saytların da rəhbərləri narahat olmasınlar, öz işlərindəki boşluqları aradan qaldırsınlar və gələcəkdə onlar da bu maliyyə dəstəyindən istifadə etsinlər. B.Quliyev onu da qeyd etdi ki, bu gün maliyyələşən saytlar da arxayın olmamalı, onlar da öz fəaliyyətlərini daha yüksək peşəkarlıqla qurmalı, davam etdirməli, daim öz üzərlərində işləməlidirlər.
İradə SARIYEVA