“Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı nəticələrə əsasən, təqribən 39 onlayn media resursu, 18 çap media qurumu - qəzet (ümumilikdə, 57 media qurumu) maliyyə yardımı müsabiqəsinin qalibi olub. Say baxımından böyük rəqəmdir. Eyni zamanda, budəfəki müsabiqə yanaşmaya görə də fərqlidir. Hesab edirəm ki, budəfəki nəticələri ötəndəfəki ilə müqayisə etmək lazımdır. Onda çox böyük fərq ortaya çıxacaq”.
Bu fikirləri baki-xeber.com-a bəzi sayt rəhbərlərinin Medainın İnkişafı Agentliyinin keçirdiyi müsabiqənin nəticələrini şübhə altına almaq cəhdlərinə, bu istiqamətdə qaralama kampaniyası aparmalarına münasibət bildirərkən “Cebhe.info” saytının rəhbəri Rəfail Becanov deyib.
“Birincisi, dəstək alan media quruluşlarının sayı təqribən 3 dəfə artıb. İkincisi, ilk dəfədir ki, onlayn media resursları müsabiqədə iştirak edir və onlara maliyyə dəstəyi göstərilir. İllərlə bunu təklif edirdik, deyirdik, eşidilmirdi. MEDİA bunu reallaşdırdısa, təklifi qəbul etdisə, deməli, irəliyə doğru addım atıldı. Üçüncüsü isə, faktiki olaraq, illərlə möhkəmlənmiş tabulardan kənara çıxılıb. Şərtlər yenilənib, məzmun, informasiya istehsalçısı olmaq kimi ciddi şərtlər müəyyənləşdirilib. Hesab edirəm ki, əsas bunlardır.
MEDİA yaranandan bütün media cameəsi müsbət dəyişikliklər gözləyirdi və inanırdıq ki, belə də olacaq. Şəxsən biz adımız siyahıda olduğu üçün yox, yeni tətbiqlərə, ənənələrə, yanaşmalara görə sevinirik. Seçimi kimsə mübahisələndirə bilər, subyektivlik olub deyə fikir söyləyə bilər. Amma yeniliklərə baxmaq lazımdır. Bu, son müsabiqə deyil, davamlı bir prosesdir. KİV-in yeni qaydalara uyğun fəaliyyətləri artacaq, istiqamətlər, hədəflər müəyyənləşəcək, uyğunlaşma olacaq və gələcəkdə biz daha çox media quruluşunun adını siyahıda görə biləcəyik. Yeni və ədalətli yanaşmalar gələcəkdə haqqı çatan digər media quruluşlarının da siyahıda olacağını, dəstək alacağını göstərir. Şəxsən mən belə düşünürəm. Hesab edirəm ki, MEDİA rəhbərliyi ədalətli yanaşmalarla öz fəaliyyətini uğurla davam etdirəcək.
Müsabiqədən kənarda qalanları da başa düşmək lazımdır. Medianın maliyyə resursları çox məhduddur. Reklam bazarı yoxdur. Vəsait sərf edib media resurlarını izləyən oxucu, izləyici auditoriyası müxtəlif səbəblərdən kiçilib. Bu kimi problemlər medianın maliyyə vəziyyətini aşağı salır. Belə də hər bir media quruluşu dövlətdən dəstək umur, arzulayır. Adı çıxanlar sevinir, ədalətli seçim olduğunu deyir, adı çıxmayanlar tənqidə keçir, nəticələrə şübhə ilə yanaşır. Bunu təbii qarşılamaq lazımdır. Amma adın siyahıda olub-olmaması müsabiqə qaliblərini, müsabiqə qaydalarını şübhəyə almağa heç kimə haqq vermir. Müsabiqə qalibləri sırasında bunu haqq etmiş media resurslarıdır. Ona görə də hesab edirəm ki, MEDİA müsabiqədə irəli sürdüyü tələblərə əməl etməklə, ədalətli yanaşma sərgiləyib.
Hazırda yeni, səmərəli və pozitiv bir iş başlanıb. Mümkün qədər hər kəs bu pozitiv işə dəstək versə, yaxşı işi qaralamadan fəaliyyət göstərsə, daha çox uğur əldə edəcəyik”-deyə R.Becanov qeyd edib.
İradə SARIYEVA