Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) iştirakı ilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
Agentlik tərəfindən maliyyələşdirilən 39 onlayn media subyektinin (veb-saytın) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
Bu arada media müsabiqəsində qalib gəlməyən bəzi saytlar qalib gələnləri qaralayırlar. Buna etiraz edirlər. Qalib gələn və maliyyə yardımı alacaq 39 saytın hamısını hədəfə alırlar. İddia edirlər ki, guya burada haqsızlıq olub və yardım alan saytlar buna layiq deyillər.
Məsələyə münasibət bildirən “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı səslənən tənqidi fikirlərlə razılaşmadı. Onun fikrincə, deyilənlərin əsası yoxdur: “Medianın İnkişafı Agentliyi yarandığı qısa müddət ərzində medianın bütün istiqamətlərini, sferalarını əhatə etməyə çalışıb. Çünki biz indiyədək KİVDF-nin timsalında internet mediasının daim kanarda qalmasını müşahidə edirdik. Baxmayaraq ki, internet media subyektləri ölkədə ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Agentlik yarandıqdan dərhal sonra öz fəaliyyətində əsas istiqamətlərdən biri kimi internet resurslarının dəstəklənməsini seçdi. Hesab edirəm ki, bu, bütün ictimaiyyət tərəfindən olduqca müsbət qarşılandı. Saytlarla bağlı müsabiqənin şərtləri açıqlananda hələ o zaman düşünürdüm ki, bu şərtlər mürəkkəb deyil. Normal fəaliyyət göstərən istənilən sayt üçün uyğundur. Müsabiqənin nəticələri də göstərdi ki, ictimai rəyin formalaşmasında aktiv iştirak edən xəbər saytları qalib olub. Bu da müsabiqənin fəlsəfəsinə uyğun nəticədir. Hansı ki, bu saytlar olduqca məhdud imkanlarla bunu edirdilər. O baxımdan hesab edirəm ki, səslənən tənqidlərin heç bir əsası yoxdur. Kimisə qaralamaqla nəyəsə nail olmaq olmaz”.
Vidadi ORDAHALLI