Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektləri arasında keçirilən müsabiqənin qalibləri artıq bəllidir.
Məlumat üçün bildirək ki, onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə, ümumilikdə, 96 veb-sayt müraciət edib, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub. Qalib olmayan saytlar məlum məsələ ilə bağlı öz narazılıqlarını bildirirlər.
“Azvision.az” xəbər portalı da qalib olan saytlardan biridir. Saytın baş redaktoru Vüsal Məmmədov bildirdi ki, media ən çətin və qəliz sahələrdən biridir. Pul da həmçinin: “İki qəliz məsələ bir-birinə qarışanda isə şeytanın qıçını sındırdığı vəziyyət əmələ gəlir. Burada bütün qərarların, addımların müzakirə və mübahisələrə səbəb olacağı əvvəlcədən bəlli idi. Həm də ona görə ki, heç kim mənzərəni tam görə və qiymətləndirə bilmir. Bu, mümkün də deyil. Ölkədə saytların sayı həqiqətən məntiqsiz və əsassız şəkildə çoxdur. Heç kim bir neçə yüz saytı oxuya bilməz. Deməli, qiymətləndirə də bilməz və bu halda belə alınır ki, əslində, heç kim mövcud onlayn media reallığının bütün tərəflərindən hali deyil. Obyektiv qərarlar qəbul etmək üçün isə bu, yəni ümumi mənzərəni görmək son dərəcə vacibdir. Bu qədər saytın arasında ədalətli seçim etmək üçün MEDİA-ya Süleyman müdrikliyi tələb olunurdu. Qurum müxtəlif meyarlar üzrə qiymətləndirmə sistemini tətbiq etməklə bunu maksimal dərəcədə bacarıb. Daha ədalətlisi necə olmalı idi ki? Təsəvvür etmək çətindir. Seçim necə olsa, mübahisə açanlar tapılacaq. Məncə, hər kəs fərdi və ya qrup marağının doğurduğu qərəzdən sıyrılmağı bacararaq, MEDİA-nın mümkün ola biləcək ən obyektiv seçimi bacardığını təqdir, seçilən media orqanlarını isə təbrik etməlidir. Medianın İnkişafı Agentliyi qurum kimi ədalətli olmaq missiyasının öhdəsindən gəlib, qalanları da insan kimi vicdanlı və geniş qəlbli olmaq missiyasının öhdəsindən gəlməlidirlər”.
Günel CƏLİLOVA