Məlum olduğu kimi, iyulun 1-də Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
Bütün müsabiqələrdə qalib olmayanlar qalib olanlarla bağlı narazılıqlarını bildirirlər. Bu dəfə də eyni halın şahidi olduq.
Qalib olan saytlardan biri də “Azxeber.com” saytıdır.
“Azxeber.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu günədək öz gücünə ayaqda duran, ortaya iş qoyan media qurumları KİVDF-dən dəstək ala bilmirdilər. Onun sözlərinə görə, sanki bu qurum bir qrup insanın varlanması, digərlərinin isə təklənməsi üçün fəaliyyət göstərirdi: “Bu səbəbdən də peşəkar media qurumlarında, jurnalistlərdə küskünlük yaranmışdı.
Medianın İnkişafı Agentliyinin elan etdiyi siyahı isə onu deməyə əsas verir ki, artıq ölkəmizdə uğurlu media siyasəti həyata keçirilir və bu, keyfiyyətcə yeni bir mərhələdir. Elə bir mərhələ ki, hər kəs və hamı medianın inkişafına töhfə verə və ondan faydalana biləcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qalib elan edilən siyahıda öz məhdud imkanları ilə ictimai rəyə təsir etmək gücündə olan media qurumlarının dəstəkləndiyi açıq şəkildə görünür: “Əminəm ki, növbəti mərhələdə digər media qurumları da bu prosesə qoşulacaqlar. MEDİA-ya dəstək olmaqla bu islahatları daha da tezləşdirə bilərik. Çünki MEDİA fundamental keyfiyyət dəyişikliklərinə nail olmağı hədəfləyir. Bunun üçün yerli və xarici ekspertlərin iştirakı ilə jurnalistlərin peşə hazırlıq səviyyəsini yüksəltmək adına seminarlar təşkil edilir.
Jurnalistlərin fərdi əməyinə maddi və mənəvi dəyər vermək üçün müxtəlif istiqamətli layihələr icra edir. Jurnalistlərin media ilə bağlı qərarların qəbulu prosesində iştirakına böyük maraq göstərir. Son müsabiqə bu siyasətin bir istiqamətidir. Əminəm ki, bütün haqqı çatan media qurumları və jurnalistlər bu xoşməramlı siyasətin təsir dairəsində olacaqlar”.
Günel CƏLİLOVA