Azərbaycan rəhbərliyi həm Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl, həm də seçkilərin başa çatmasından sonra İrəvanı böyük sülh sazişi ətrafında ləngimədən danışıqlara başlamağa çağırıb.
Prezident İlham Əliyev bu günlərdə öz çıxışlarından birində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və ümumiyyətlə, Ermənistanda bu iki sözün birləşməsini unutsalar yaxşıdır. Və prezident İrəvanı iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara çağırıb. O cümlədən, sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar da böyük sülh danışıqlarının tərkib hissəsi olmalıdır: “Nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli sülh də yoxdur”.
Bakıdan səslənən bu israrlı çağırışlara Ermənistan rəhbərliyindən hələ reaksiya yoxdur. Seçkilərdən əvvəl bu çağırışlara cavabın olmaması anlaşılan idi, çünki Paşinyana onsuz da “kapitulyant” damğası vurulub və onun Azərbaycanla sülhə hazır olması barədə çıxışlar etməsi rəqiblərinin daha kəskin hücumlarına səbəb olardı. İndi isə seçki bitib və Paşinyan parlamentdə üçdə iki səs çoxluğuna malikdir. Deməli, Azərbaycanın sülh çağırışlarına Ermənistandan nəhayət adekvat reaksiya gözləməyin vaxtıdır. Paşinyan özü Azərbaycanın sülh təşəbbüslərinə reaksiya verməsə də, bu gün onun yaxın tərəfdaşı, parlamentin xarici əlaqələr komissiyasının üzvü Ruben Rubinyan “Bakının təzyiqi altında heç bir sülh müqaviləsi imzalamağa hazırlaşmadıqlarını” bildirib.
Rubinyan deyir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini “məmuniyyətlə imzalayardı”, əgər Bakı Dağlıq Qarabağın “öz iradəsini ifadə etmə əsasında formalaşan statusunu” qəbul etsəydi. Paşinyanın sülh sazişi ilə bağlı susqunluğunu, onun komanda üzvünün isə bizimlə şərtlə danışmasını necə izah edə bilərik?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür, Ermənistan 44 günlük müharibədə aldığı dərsdən yaxşı nəticə çıxarmayıb: “Çünki onlar imzalanan üçtərəfli bəyanatın şərtlərinə belə əməl etmirlər. Məsələn, Zəngəzur dəhlizinin açılması, işğal altında olan ərazilərin qaytarılması, Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin taleyi. Minalanmış ərazilərin xəritəsini alver predmetinə çeviriblər. Hələ də Qarabağda separatçıların silahlı tör-töküntüləri qalmaqdadır. Ən əsası isə budur ki, Ermənistan Azərbaycanın daxili işlərinə müdaxiləni müxtəlif yollarla davam etdirir. Ara-sıra məlumatlar gəlir ki, hansısa yüksək səviyyəli məmurlar Ermənistandan gəlib sülhməramlıların nəzarətində olan bölgələri ziyarət ediblər. Bu da bir növ daxili işlərimizə müdaxilə deməkdir. Ermənistan sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə yayınır. Çünki bu sazişlə Ermənistan rəsmi olaraq ərazi iddialarından imtina etməlidir. Həmin bəhanələrdən biri ondan ibarət idi ki, guya Ermənistanda gərgin siyasi vəziyyət var. Ona görə də bu vəziyyətdə hansısa addımları atmaq siyasi baxımdan təhlükəlidir. Seçkilərdən sonra isə belə bəhanələr öz qüvvəsini itirir. Hazırda Paşinyan təkbaşına hökumət formalaşdırmaq səlahiyyətinə sahibdir. Onun bu məsələdə danışmaması, əvəzində hansısa komanda üzvünün bizə şərt irəli sürməsi Ermənistanın növbəti qeyri-konstruktivliyindən xəbər verir. Ancaq onların irəli sürdüyü statusla bağlı şərt çoxdan öz aktuallığını itirib. Belə bir sazişin imzalanmasının ən böyük faydası məhz Ermənistana dəyə bilərdi”.
Məhəmmədəli QƏRİBLİ