Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov mətbuat konfransı keçirib və jurnalistləri maraqlandıran sualları cavablandırıb. Əsas müzakirə obyekti media subyektləri ilə bağlı keçirilən müsabiqənin nəticələri olub.
“Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz yenilikdir” deyən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, bu vaxta qədər bu istiqamətdə müsabiqələr həyata keçirilməyib. İlk dəfə olaraq idman mediasına dəstək kampaniyası təşkil olunub: "Bu müsabiqələr tam yeni formatda yeni qaydalar əsasında həyata keçirilir. İstər tələblər, istər qaydalar tamamilə yenilənib. Media subyektlərinə olan tələblər əvvəlcədən açıqlanıb.
Bundan öncə onlayn media subyektləri arasında ümumiyyətlə belə bir müsabiqə keçirilməmişdi. Buna görə də bunu keçmiş ənənənin davamı hesab etmək olmaz. Qəzet subyektləri ilə bağlı müsabiqə də tam fərqli formatda keçirildi. Əvvəl yazılar qiymətləndirilirdisə, yəni jurnalist yazıları müsabiqəsi keçirilərək, müəyyən vəsait verilirdisə, indiki qaydalara əsasən qəzetə maliyyə ayrılması çap versiyalarının nümunələrinin qiymətləndirilməsi nəticəsində həyata keçirilib".
Ə.İsmayılov bildirib ki, köhnə ənənələrdən fərqli olaraq, göstərilmiş dəstək layihəsində xərclərə ciddi nəzarət olunacaq.
“Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən, 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin bizim tərəfimizdən maliyyələşməsi həyata keçiriləcək” – Ə.İsmayılov deyib.
Onun sözlərinə görə, bu maliyyə dəstəyi məqsədyönlüdür: "Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyidir. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək".
Ə.İsmayılov deyib ki, qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Ayrılan maliyyə dəstəyinə isə nəzarət olacaq. Məqsəd media subyektlərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır.
Onun sözlərinə görə, aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilsə, o zaman maliyyə yardımı dayandırılacaq.
“Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr dəstək layihələridir” deyən Ə.İsmayılov bildirib ki, bu, adından da göründüyü kimi dəstəkdir, heç də həmin media orqanının bütün xərclərini qarşılaya bilməz. Bu dəstəkdə məqsəd isə çatışmayan maliyyə resursunu qarşılamaqdır: "Biz bu müsabiqələri təşkil edərkən keçirdiyimiz görüşlər əsasında medianın ehtiyaclarını qiymətləndirib qərara gəlirik. Media subyektləri tərəfindən bizə olan müraciətlərin hamısında, demək olar ki, belə bir dəstəyə ehtiyac olduğu vurğulanırdı. Maliyyədən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün də layihələrin keçirilməsi barədə təkliflər var idi. Biz bu istiqamətdə də tədbirlər həyata keçirməkdəyik. Bu layihələr gələcəkdə olacaq layihələrin cüzi bir hissəsidir".
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli isə deyib ki, müsabiqənin sosial şəbəkələrdə ciddi müzakirə edilməsi ictimaiyyət arasında böyük maraq doğurmasının göstəricisidir.
O bildirib ki, iyulun 22-də də fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanacaq.
"Bizim əsas hədəfimiz ondan ibarətdir ki, bütün media işçiləri dövlətin dəstəyindən faydalana bilsin".