Xalqın malını talayıb azadlıqda kef-damaq içində yaşayan məmurların həbsxanada da eyni həyat tərzlərini davam etdirməsinə dair kifayət qədər faktlar ictimailəşdirilib. Həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda maraqlı status paylaşmışdı.
Jurnalist bildirirdi ki, Nizaməddin Quliyev həbsxanada lüks həyat yaşayır, hətta qulluqçusu belə var: “Ümumiyyətlə, vəzifəli şəxslərin həbsi onlarda heç nəyi dəyişmir. Necə azadlıqda, vəzifədə olarkən rüşvət, yeyinti hesabına eyş-işrətlərindən qalmırdılarsa, eynisi həbsdə də davam edir”.
Nizaməddin Quliyev və Ramiz Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdiriblər. İkimərtəbəli çarpayıları çıxartdıraraq, əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, playstation, döşəməyə xalça və s. təşkil etdiriblər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürüblər.
Yəni həbs etsələr də, adamlar keflərindən qalmır. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməlidirlər.
1 saylı CÇM-də saxlanılan başqa bir məhbus isə mediaya müraciət edərək bildirib ki, türmələrin tibb məntəqələrini korrupsioner məmurlar zəbt edib. Aylıq haqq müqabilində orda saxlanırlar. Əsl xəstələr isə yer olmaması səbəbindən həmin müəssisələrdə müalicə oluna bilmir.
Bu iddialarla bağlı niyə Ədliyyə Nazirliyi yanında yaradılan İctimai Komitənin üzvləri həmin müəssisələrə baş çəkib faktı yerində araşdırmır?
Rauf Zeyni: “Pandemiyaya görə həbsxanaları ziyarətimiz məhdudlaşıb”
Həmin Komitənin üzvlərindən biri olan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, pandemiya dönəmində onların həbsxanaları zıyarəti məhdudlaşıb. Komitə üzvü etiraf etdi ki, indiyə kimi belə faktları yerindəcə araşdırmayıblar.
Səadət Bənəniyarlı: “Yaxın zamanlarda belə bir monitorinqin keçirilməsini təşkil edəcəyik”
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənəniyarlı isə “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə mütəmadi olaraq monitorinqlər keçirirdilər: “Mən deməzdim ki, orada kiməsə xüsusi şərait yaradılıb. Bəzi pozuntular vardı, onların da qarşısı alındı. Pandemiyaya görə xeyli vaxtdır ki, müəssisələrdə monitorinqlər keçirə bilmirik. Məndə olan məlumata görə, hazırda mülalicə müəssisələrində sıxlıq müşahidə edilir. Əgər konkret faktlar olarsa, biz faktın araşdırılmasını tələb edə bilərik. Bizim montiorinqlərin canı bu idi ki, gözlənilmədən, istənilən vaxt gedirdik. Bu icazəni bizə nazir Fikrət Məmmədov vermişdi. Pandemiya ortaya çıxandan sonra bununla bağlı əvvəlcədən müraciət etməliyik. Mən inanmıram ki, hazırda bütün məmurları müalicə müəssisəsinə yığırlar. Ola bilər hansınınsa xəstəliyi var, orda saxlanılır. Bir daha deyirəm, belə lüks şəraitlə bağlı məlumat varsa, biz yerində tanış olarıq. Hər halda, həmin şəraiti tez bir zamanda dağıtmaq mümkün deyil. Yəqin ki, yaxın zamanlarda belə bir monitorinqin keçirilməsini təşkil edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ