Rusiya prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib ki, heç kəs Dağlıq Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil:
“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil”.
Onun sözlərinə görə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər qalır: “İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyik”.
Diqqətçəkici məqam budur ki, Putin Qarabağla bağlı məsələdə prioritet kimi iki məqamı önə çəkib. Bunlar həm də Azərbaycanın tələb etdiyi detallardı. Ermənilərin istədiyi statusla bağlı isə bir kəlmə də olsun danışmayıb. Putinin bu mövqeyini necə qiymətləndirmək olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu müsbət dəyərləndirmək olar: “Putin sərhədlərin dəqiqləşdirilməsilə bağlı məsələni ön plana çəkir. İndiki məqamda bizim üçün sərhədlərin demarkasiya və delimitasiyası əsas məsələlərdən biridir. Putin həm də kommunikasiyaların bərpa edilməsinin vacibliyini irəli sürüb. Bu da bütün bölgənin iqtisadi inkişafına səbəb ola biləcək məsələdir. Azərbaycan Putinin vurğuladığı hər iki amilin tərəfdarı kimi çıxış edir. Azərbaycan Prezidenti çıxışlarında bu iki məsələnin həllinin vacibliyini vurğulayaraq, proseslərin sürətləndirilməsini tələb edir. Putinin çıxışında bölgədəki proseslərə təsir edə biləcək məqamlar kifayət qədərdi. Rusiya siyasətində təzadlı məqamlar da çoxdur. Dünən Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşündə ermənilərin Qarabağa qaytarılmasından danışıb. Nədənsə, həmin kontekstdə azərbaycanlı qaçqınların adını çəkməyib. Bu gün isə Putin konstruktiv mövqe tutaraq bizim üçün ən zəruri olan məsələlərin həyata keşməsinin vacibliyini sadalayıb. Görünən budur ki, Rusiyanın siyasəti ümumi mənada tam konstruktivliyi ilə seçilmir. Qarabağla bağlı yanaşmada onların ardıcıl mövqeyinə rast gəlmək mümkün olmur. İstənilən halda, statusla bağlı Putinin heç nə danışmaması normaldır. Onlar bilir ki, bu məsələnin qabardılması bölgədə dayanıqlı sülhün olması perspektivini heçə endirər”.
Məhəmmədəli QƏRİBLİ