“Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.
O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlığını bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.
NATO rəsmisi onu da qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər, söhbət beşillik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.
Görünən odur ki, NATO rus sülhməramlılarının Qarabağda olmasına qarşıdır. Bunu Gürcüstan üçün təhdid hesab etməklə yanaşı, ən yaxşı halda, sülhməramlıların 5 ildən sonra regionu tərk etməsini istəyir.
“NATO rəsmiləri bilməlidirlər ki, Qarabağda yerləşdirilən rus sülhməramlıları Gürcüstana qarşı deyil”
Məsələyə münasibət bildirən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin sözlərinə görə, NATO rəsmisinin bu cür mövqe sərgiləməsi gözlənilən idi: “Ceyms Appaturayın Gürcüstana səfəri çərçivəsində belə mövqe sərgiləməsi təbii haldır. Bir hərbi təşkilatın regionda baş verənlərə münasibət bildirməsi normaldır. Ona görə ki, NATO Rusiyanın yaratdığı hərbi blokun bir nömrəli rəqibidir. NATO Rusiyanın Cənubi Qafqazda təsir dairəsinin genişlənməsini istəmir. Ancaq NATO rəsmiləri bilməlidirlər ki, Qarabağda yerləşdirilən rus sülhməramlıları Gürcüstana qarşı deyil. Bəli, bu gün Rusiya-Gürcüstan münasibətləri gərgindir. Ancaq bu o demək deyil ki, oradakı sülhməramlılar Gürcüstan üçün təhdid mənbəyidir. Qarabağda fəaliyyət göstərən rus sülhməramlıları 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya əsasən oradadırlar. Onlar missiyalarını doğru-düzgün yerinə yetirməsələr, o zaman Azərbaycan onların bölgəni tərk etmələri ilə bağlı məsələ qaldıra bilər. Ona görə də burada elə bir ciddi narahatlıq görmürəm. Zatən, dünya praktikasında münaqişə edən iki tərəf arasında üçüncü dövlətin sülhməramlı olaraq fəaliyyət göstərməsi təcrübəsi var. Bununla yanaşı, bir sıra məsələlər həll olunandan sonra Rusiya sülhməramlıları 5 ildən sonra Qarabağı tərk edəcəklər. Bununla bağlı hər hansı problemin yaranacağını düşünmürəm”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan öz milli maraqlarını yüksək səviyyədə qoruyur.
Vidadi ORDAHALLI