Avropa İttifaqı Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib. Belə ki, Avropa Şurası Azərbaycanı COVID-19-la əlaqədar səfər məhdudiyyətlərinin tətbiq olunduğu ölkələr siyahısından çıxarmaq barədə qərar qəbul edib.
Son iclasda Avropa İttifaqı hökumətləri Azərbaycan da daxil olmaqla, 11 ölkənin məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarılması barədə qərar qəbul ediblər. Qeyd olunur ki, siyahı epidemioloji vəziyyətə əsaslanaraq iki həftədən bir təkrar nəzərdən keçirilir. İndiki vaxtda Azərbaycanla bağlı bu cür qərar önəmlidir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə öz effektiv nəticəsini verir. Görülən tədbirlər sayəsində yoluxmaların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu da, öz növbəsində, ölkəyə xaricdən gediş-gəliş üçün əlverişli şərait yaradır, iqtisadi fəallığa müsbət təsir göstərir və s. O baxımdan, Aİ-nin məlum qərarı COVID-lə bağlı Azərbaycanda görülən işlərə verilən yüksək qiymətin göstəricisidir.
“Bütün bunlara baxmayaraq, biz arxayın olmamalıyıq, qaydalara hamı bir nəfər kimi əməl etməlidir”
Məsələyə münasibət bildirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyevin sözlərinə görə, Aİ kimi bir qurumun Azərbaycanla bağlı belə bir qərar verməsi çox önəmli hadisədir: “Aİ-nin Azərbaycanla bağlı belə bir qərar verməsinə bir neçə amil öz təsirini göstərib. Görünən odur ki, Avropada Azərbaycanın önəminə, lazımlılığına xüsusi diqqət göstərilir. Belə bir qərarın qəbul olunmasında siyasi faktorlar az rol oynamır. Ancaq Azərbaycanın pandemiya ilə mübarizədə effektiv nəticələr əldə etməsinin bunda rolu böyükdür. Bir sıra ölkələrdən fərqli olaaraq, Azərbaycanda koronavirusla mübarizədə daha sistemli tədbirlər görüldü. Karantin rejimi çərçivəsində ardıcıl tədbirlərin görülməsi, inzibati və təbliğat xarakterli addımların əlaqələndirilməsi bu yöndə görülən işlərə öz müsbət təsirini göstərdi. Bizdə bir sıra ölkələrlə müqayisədə epidemiyanın yayılması elə də geniş miqyas almadı. Bütün bu amillər nəzərə alınır. Heç şübhəsiz ki, Aİ-nin məlum qərarında bunun da önəmli yeri olub. Pandemiya ilə mübarizə sahəsində önəmli nəticələr əldə olunmasaydı, o zaman Aİ ölkəmizlə bağlı belə qərar verməzdi. Bu qərarın ölkəyə xaricdən turist axınına müsbət təkan verəcəyi şəksizdir. Bütün bunlara baxmayaraq, biz arxayın olmamalıyıq. Qaydalara hamı bir nəfər kimi əməl etməlidir”.
Tanınmış həkim hesab edir ki, hamı bu işə öz töhfəsini verməlidir.
Vidadi ORDAHALLI