Məlum olduğu kimi, Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazın üç ölkəsi, eləcə də Türkiyə, Rusiya və İrandan ibarət “altılıq” və yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib. Azərbaycan bu məsələdə maraqlı tərəf olduğunu ən yüksək səviyyədə bəyan edib. Belə görünür ki, prosesdə regionun əsas geosiysi oyunçuları sırasında yer alan Rusiya və Türkiyə də maraqlıdır. Bunu Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin son görüşü də təsdiq edir.
Türkiyənin Antalya şəhərində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında bu xüsusda maraqlı fikirlər səsləndirib. Öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətinə münasibət bildirən Lavrov bu səfəri təbii qarşıladıqlarını qeyd edib: "Prezident Ərdoğanın Şuşa səfərinə Azərbaycanla Türkiyə arasında ikili münasibətlər çərçivəsində baxmaq lazımdır. Biz Rusiya olaraq bölgədə sülhün təsis edilməsi, ermənilərin və azərbaycanlıların yan-yana yaşaya bilməsi, həmçinin bütün qonşular arasında etimad mühitinin yaranması üçün dəstəyimizi verəcəyik". Lavrov, eyni zamanda, Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifinin Rusiya tərəfində müsbət reaksiya doğurduğunu deyib: "Biz Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq".
Ekspertlər qeyd edir ki, Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb. Araşdırmalara əsasən, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Alıcılıq qabiliyyəti pariteti ilə götürsək, “3+3” formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır. “3+3” formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu rəqəmlər onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir. O da məlumdur ki, Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına istiqamət götürüb. “3+3” formatı hər iki ittifaqdan səmərəli istifadə etməyə imlan verir. Eyni zamanda, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycanın ticarət dövriyyəsinin cəmi 2 faizi, Gürcüstanın ticarət dövriyyəsinin 12 faizi və Ermənistanın ticarət dövriyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beşliyə daxildir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər.
Ən əsası, “3+3” formatı, Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir. Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu Altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqeyi nəqliyyat infrastrukturunun şaxələnməsini təmin edir. Amerikalı mütəxəssis Endryu Korıbko bu fonda qeyd edir: “Regionalizm dövrümüzün tendensiyasıdır. Bu məqsədlə Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan “3+3” prinsipi, xüsusilə münaqişədən sonrakı regional ssenarinin formalaşdırılmasında çox təsirli ola bilər. Zəngəzur dəhlizi münaqişənin son həllinə görə misilsiz bir inkişaf və inteqrasiya imkanları təmin edərək, bölgənin coğrafi-iqtisadi potensialında inqilab edəcək. Buna görə, Ermənistanın atəşkəsə hörmət etməsini və məsələnin hərtərəfli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq hər bir regional tərəfin maraqlarına cavab verir. Hər iki tərəf üçün qazanclı ola biləcək bu ssenarini pozan yeganə əngəl İrəvandakı ultra-millətçilərdir və bütün regional tərəfdaşlar, xüsusən də Moskva onlara deməlidir ki, gələcək problemləri qızışdırmaq tamamilə qəbuledilməzdir. Özü də o fonda ki, son parlament seçkilərində ultra-millətçilər məğlub oldu”.
Nahid SALAYEV