Bildiyimiz kimi, “Media haqqında” yeni qanun qəbul ediləcək. İndiyə qədər mövcud olmayan bir sıra yeniliklərin öz əksini tapdığı “Media haqqında” qanun layihəsinin artıq ilk müzakirəsi də keçirilib.
Qəbul ediləcək yeni qanunun əvvəlkilərdən ən böyük üstünlüyü media strukturunun, jurnalistin statusunun müəyyənləşdirilməsidir. Jurnalist kimdir, media subyekti, media qurumu nədir?
Jurnalistikanın, media aləminin əsas terminləri olan jurnalist kimdir, media orqanı, redaksiya nədir, bu kimi anlayışların hüquqi terminologiyasının məzmununun müəyyənləşdirilməsinin əhəmiyyəti nədən ibarətdir? Jurnalistikanın vacib istiqamətlərinin statusu qanuni şəkil alacaq.
“Media subyektinin müəyyənləşdirilməsi ilə bütün qeyri-müəyyənliklərə son qoyulacaq, bu sahədə qaranlıq heç nə qalmayacaq”
“Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev hesab edir ki, jurnalistin, media subyektlərinin hüquqi statusunun müəyyənləşdirilməsi olduqca vacib məsələ idi və bunun yeni hazırlanan “Media haqqında” qanun layihəsində əksini tapması müsbət haldır. “Bəri başdan qeyd edim ki, yeni yaranan ideyalar yalnız medianın inkişafına xidmət edir. Mən yeni qanun layihəsinin müzakirəsində də iştirak etdim. “Media haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hələ qəbul edilməyib, hazırda müzakirə prosesindədir. Yeniliklərlə zəngin olan yeni qanun layihəsi qəbul edilərsə, burada əks olunan bütün mütərəqqi məsələlər mediamızın, jurnalistikamızın xeyrinədir. Jurnalistin, media subyektlərinin statusunun müəyyənləşdirilməsi müsbət bir haldır. Çünki indiyə qədər media subyektlərinin, jurnalistlərin statusu tam olaraq müəyyənləşdirilməmişdi. Amma yeni qanun qəbul edildikdən sonra artıq jurnalist kimdir, media strukturu, subyekti nədir məsələlərinin hüquqi cəhətdən statusunun müəyyən edildiyini görəcəyik. Media subyektinin müəyyənləşdirilməsi ilə bütün qeyri-müəyyənliklərə son qoyulacaq, bu sahədə qaranlıq heç nə qalmayacaq. Eyni zamanda, burada fərqlilik də var. Bu nədir? Tutalım, bir təşkilat holdinq kimi fəaliyyət göstərmək istəyirsə, heç bir problemlə üzləşməyəcək. Bizim “Səs” qəzeti, “Səs” İnformasiya Agentliyi, “Səs” TV ayrı-ayrı şəkildə qeydiyyatdan keçib. Artıq bunlara media qrup formasında status veriləcək. Bunlar holdinqə çevriləcək. Mən bunları ayrı-ayrılıqda bir MMC olaraq qeydiyyatdan keçirmişəm, amma yeni qanun qəbul edildikdən sonra hüquqi bazaya söykənib bunların hamısını vahid bir platformadan idarə edə biləcəyik. Yəni artıq bu status hüquqi cəhətdən müəyyənləşəcək”.
B.Quliyev qeyd etdi ki, Media Agentliyinin təşəbbüsü ilə bu qanun layihəsinin qəbul edilməsi mediamız və onun gələcəyi üçün çox müsbət tendensiyadır: “Bu, medianın inkişafına töhfə verəcək bir tendensiyadır. Zaman keçdikcə, bütün qanunların aliləşməsinə, bütün qanunların yeniləşməsinə ehtiyac, zərurət yaranır. İndiyə qədər mövcud olan KİV haqqında qanun bugünkü mətbuatın hüquqi tənzimlənməsini yerinə yetiribsə, amma bu gündən sonra yeni dünyanın çağırışlarına cavab verməyə ehtiyac var. Ona görə də, fikrimcə, bu qanun yeni medianın yeni dünyaya transferinin hüquqi bazasını yarada biləcək. Media subyekti, jurnalist olaraq statusumuz hüquqi cəhətdən müəyyən olunacaq. Jurnalistlərin statusunun hüquqi cəhətdən müəyyən edilməsinə çoxdan ehtiyac vardı”.
B.Quliyev hesab edir ki, bu status media subyektinin miqyasını daha da genişləndirəcək və hansı qurumun media subyekti, hansının isə qeyri-media subyekti olacağını hüquqi cəhətdən tənzimləyəcək. Bütün bunların isə bu sahədə qeyri-müəyyən qalan məsələlərin müəyyənləşməsinə, aydınlaşmasına şərait yaradacağını deyən B.Quliyevə görə, artıq media strukturu olmayanlar özlərini media subyekti kimi təqdim etməyəcək, jurnalist olmayanlar da müəyyən olunacaq parametrlərə uyğun gəlmədikləri üçün özlərini bu adla qələmə verə bilməyəcəklər.
İradə SARIYEVA