ABŞ Prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı uğurlu parlament seçkiləri münasibətilə təbrik edib. Birləşmiş Ştatlar Prezidenti bu barədə rəsmi twitter hesabında paylaşım edib.
“Ermənistan xalqını və baş nazir Nikol Paşinyanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Ermənistanla tərəfdaşlığımız demokratik islahatlar və münaqişələrin həlli sahəsində ortaq dəyərlərə və əməkdaşlığa əsaslanır. Bu tərəfdaşlığın gücləndirilməsinə sadiqik”, - deyə Bayden qeyd edib.
Qeyd edildiyi kimi, təbrikdə deyilir ki, demokratiya və münaqişələrin həllində ümumi dəyərlərə əsaslanırıq. Bu nə deməkdir? Bayden Ermənistanla demokratiya və münaqişələr məsələsində hansı ümumi dəyərlərdən danışır?
“Ermənistanı ABŞ-la bağlayan ortaq fundamental dəyərlərdən danışmaq gülüncdür”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Bayden Paşinyanla bağlı təbrik mesajında, bir növ, ifrata varıb: “Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Bayden, demək olar, bütün siyasi karyerası dövründə erməni lobbisi ilə yaxın münasibətlərə malik olub. Xüsusən də Konqresdə ermənilərin maraqlarının təmin olunması zamanı məxsusi fəallıq göstərib. Bayden senator olarkən 1992-ci ildə Azərbaycana qarşı qəbul olunan bədnam “907-ci düzəliş”in müəllifi olub. ABŞ-da keçirilən seçkilərdə erməni lobbisi Baydenə səs verdi. Ermənistanı ABŞ-la bağlayan ortaq fundamental dəyərlərdən danışmaq gülüncdür. Ona görə ki, Ermənistan demokratik sistemə malik dövlət deyil. Bu dövlət terrora söykənir və bununla bağlı çoxsaylı örnək var. Erməni terroru nəinki digər xalqları, o cümlədən, öz xalqını da hədəfə alır. Ona görə də “məxməri inqilab” dalğasında hakimiyyətə yiyələnən Nikol Paşinyan hakimiyyətini demokratik dəyərlərin təmsilçisi kimi təqdim etmək gülüncdür. Münaqişələrin həlli məsələsinə gəldikdə isə, bundan heç danışmağa dəyməz. Ona görə ki, Ermənistan 30 ilə yaxın idi Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Bu müddət ərzində BMT və digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamə, qərarlar qəbul etsələr də, Ermənistan bunlara məhəl qoymadı. Ən nəhayət, Azərbaycan güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etdi. O baxımdan, Baydenin təbrikində ifadə etdiyi paralelləri doğru saymıram”.
Şərqşünas onu da qeyd etdi ki, ermənilər ali dəyərlərdən uzaq bir toplumdur.
Vidadi ORDAHALLI