Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət üzrə Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaşla bağlı nazirlikdə qəbul keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.
“Müharibədə iştirak edib, təltif olunmayanlarla bağlı nazirlikdə baş tutan görüşün müsbət nəticəsi olacaq”
Mövzu ilə bağlı fikir bildirən hərbi ekspert Üzeyir Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müharibədə iştirak edib, təltif olunmayanlarla bağlı nazirlikdə baş tutan görüşün müsbət nəticəsi olacaq: “Bəzi döyüşçülərin səbrsiz davranışı məni çox incidir. 44 günlük Zəfər müharibəsi zamanı səbr nümayiş etdirən döyüşçülər indi səbrsizlik göstərirlər. Vətəni medala, təltif olunmağa görə sevməmişik. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsi qəhrəmanları, iştirakçıları rəsmiləşdirilməlidir. Rəsmiləşdirilmənin tam bitməsi bir az zaman alacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Vətən müharibəsində hər kəs öz peşəsinə uyğun olaraq borcunu yerinə yetirməli idi. Həkim müharibə zamanı yaralılara yardım edirdi. Onların da fədakarlığı danılmazdır: “Müharibə iştirakçılarının səbrsizlik nümayiş etdirib, onların niyə təltif olunmaması tələbi ilə çıxış etmələri düzgün deyil. Qeyd etdiyim kimi, müharibə iştirakçılarının qeydiyyatının aparılması vaxt aparan işdir. Bu işdə səbrli olmaq lazımdır. Vətəni medala görə sevmək düzgün deyil”.
Günel CƏLİLOVA