İslam ölkələrinin 80 Qarabağ sənədinin işdə hansı nəticələri oldu...

Elşən Manafov: “İƏT-in qətnamələri Qarabağ probleminin həllinə birbaşa təsir göstərə bilmədi”

img

“İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 80-dən artıq qətnamə qəbul edilib”. Bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib: “Biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan da, öz növbəsində, hər zaman İƏT-ə üzv ölkələri dəstəkləyib. İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib”.

O da məlumdur ki, indiyə qədər bir sıra beynəlxalq təşkilatlar, ümumilikdə, Qarabağla bağlı bir çox qərar və qətnamə qəbul ediblər. Hər bir təşkilatın bu məsələdə öz payı var. BMT qətnamələrinin, ATƏT-in qərarlarının, Avropsa Şurasının qətnamələrinin ayrı-ayrılıqda öz payı var. İƏT-in 80-dən çox qətnaməsi Qarabağ probleminin həllində nə kimi rol oynadı? Bütövlükdə, İƏT-in sənədlərinin problemin həllinə nə kimi təsiri oldu?

  • ...həmin qərarların müəyyən siyasi əhəmiyyəti var”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Bir sıra beynəlxalq qurumların, o cümlədən, İƏT-in qəbul etdiyi sənədlər Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində, müəyyən mənada, hüquqi-normativ aktlar kimi rol oynaya bilərdi. Həmin sənədlərin qəbulu həm də siyasi səciyyə və əhəmiyyət kəsb edirdi. Ancaq, bütövlükdə, nə İƏT-in, nə də digər beynəlxalq qurumların qətnamələri Qarabağ probleminin həllinə birbaşa təsir göstərə bilmədi. Problemin həllinə siyasi mənada müəyyən təsir göstərmək imkanlarına malik olsa da, praktiki təsiri olmadı. İƏT-in bir belə qətnaməsinə rəğmən, bəzi müsəlman ölkələri işğalçı Ermənistanla yaxın münasibətlər qurdular. Hansı ki, məlum qətnamələrdən çıxış etsək, həmin dövlətlər bunu nəzərə almalı idilər. Ancaq bütün bunlara rəğmən, sözügedən qətnamələrin icrası Azərbaycan dövlətinin üzərinə düşdü. İstər İƏT-in, istərsə də digər beynəlxalq təşkilatların qərarlarının icrasını Azərbaycan Ordusu öz üzərinə götürdü. Ordumuzun apardığı 44 günlük savaş ərzində bölgədə geosiyasi reallıqlar dəyişdi. Bütün hallarda, İƏT-in məlum qətnamələri bundan sonrakı proseslərdə müəyyən siyasi rol oynayacaq. Həmçinin, tarix üçün müəyyən əhəmiyyət kəsb edəcək. Zaman-zaman Qarabağ münaqişəsinin tarixini araşdıracaq tarixçilər o sənədləri qeyd edəcəklər”.

Politoloq hesab edir ki, ümumilikdə, həmin qərarların müəyyən siyasi əhəmiyyəti var.

Vidadi ORDAHALLI

Son xəbərlər