Ukraynanın hərbi ekspertləri mina xəritələri ilə bağlı Ermənistana çağırış etdi

img

Ukraynanın hərbi ekspertləri və ehtiyatda olan zabitləri birgə bəyanatla çıxış edərək Ermənistanı bütün mina sahələrinin xəritələrini Azərbaycana təhvil verməyə çağırıblar.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna ukraynalı hərbi ekspert, ehtiyatda olan zabit Yuri Koçevenko bildirib.

Bəyanatda deyilir ki, günahsız insanların həyat və sağlamlığını qorumaq naminə Ermənistan bütün mina sahələrinin xəritələrini təhvil verməlidir.

“Müvafiq beynəlxalq təşkilatlar bu problemi həll etmək üçün öz mandatları çərçivəsində təcili tədbirlər görməlidirlər. İyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən mina sahələrinin xəritələrinin təhvil verilməsi əhəmiyyətli hadisədir və bu proses davam etdirilməlidir”, - bəyanatda vurğulanır.

Hərbi ekspertlər həmçinin azərbaycanlı jurnalistlərin də mina partlayışlarının qurbanı olmasını qeyd ediblər: “4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan avtomobilin tank əleyhinə minaya düşməsi ilə bağlı son faktı qeyd etməmək olmaz. Bu dəhşətli hadisə nəticəsində 3 nəfər həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bu, azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsini bir daha kəskin şəkildə qaldırır”.

Milli maraqların müdafiəsi şəbəkəsi ANTS-nin həmtəsisçisi Lüdmila Dolqonovskaya, tanınmış ukraynalı yazıçı, ehtiyatda olan zabit Vladimir Çepovoy, ehtiyatda olan polkovnik, tanınmış hərbi jurnalist, "Аrmiya İnform"un xüsusi müxbiri, Ukrayna HQ-nin Baş Qərargahının sabiq spikeri Vladislav Voloşin, “Qeyri-sistem fəaliyyətlərinin həyata keçirilməsi və təhlili” Sosial Mərkəzinin Tədqiqat layihələrinin rəhbəri Dmitri Qromakov, ehtiyatda olan zabit, “Çernım po belomu” İnformasiya Agentliyinin Baş redaktoru Ruslan Orucov da bu bəyanata qoşulublar.

Son xəbərlər